PRESS NEWS AZERBAIJAN

Suriyanın şərqində qətliam

27.11.2017

 Suriyanın şərqində Rusiyanın hava zərbələri nəticəsində azı 53 dinc sakin öldürülüb, onlardan 23-ü uşaqdır. Zərbələr İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan kəndə endirilib. Britaniyada yerləşən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, hücum noyabrın 26-da səhər tezdən Deir al-Zor vilayətində baş verib. İlkin olaraq 34 nəfərin öldürüldüyü bildirilirdi. “Xilasetmə əməliyyatının sonunda ölü sayı artdı”, – təşkilatın rəhbəri Rami Əbdül Rəhman “Frans Pres” agentliyinə bildirib. Onun sözlərinə görə, zərbələr Fərat çayının şərq sahilindəki Al-Şafah kəndindəki yaşayış binalarına endirilib. Hücumda azı 18 nəfərin də yaralandığı bildirilir. Bu məlumatı müstəqil mənbələrin təsdiqləməsi mümkün olmayıb. Rusiya ordusu da şərh verməyib. Təşkilat Suriyada mənbələr şəbəkəsinə istinad etdiyini, həmçinin də, hücumların tipi, məkanı, uçuşlar və istifadə olunan silahlara əsasən onları hansı ölkənin gerçəkləşdirdiyini müəyyən etdiyini bildirir. Bundan başqa, bazar günü Dəməşqin ətraflarında bir üsyançı anklavda 23 adamın öldüyü deyilir. Monitorinq qrupu şərqi Qouta şəhərinin bir neçə hava hücumları və artilleriya atəşi ilə vurulduğunu xəbər verib. Hesabatlardan heç biri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Monitorinq qrupu deyir ki, Suriya ordusu təxminən iki həftə əvvəl hərbi əməliyyatlara başlayandan bəri 120 nəfər ölüb. İllərlə çəkən mühasirədən sonra şərqi Qoutanın 400 min sakini üçün şərait çox acınacaqlıdır, insanların aclıqdan ölməsi barədə xəbərlər var. Ötən həftə yayımlanan hesabatda BMT bildirib ki, ərazidə ərzaq o qədər qıtdır ki, bəzi sakinlər heyvan yemi və hətta zibil yeməyə məcburdur. Rusiya Suriyada prezident Bəşər Əsəd hökumətini dəstəkləyir. İran da altı illik vətəndaş müharibəsində Əsədin arxasında durub. Birləşmiş Ştatlar və Türkiyə isə hökumətlə savaşan üsyançı qrupları dəstəkləyir. BMT-nin təşkilatçılığı  ilə Cenevrə sülh danışıqlarının səkkizinci raundu noyabrın 28-də başlamalıdır. Buna paralel olaraq, Rusiya, İran və Türkiyə Qazaxıstan paytaxtı Astanada danışıqlara təşkilatçılıq edir. Tərəflər atəşkəsin elan olunmasına, “de-eskalasiya zonaları”nın yaradılmasına çalışırlar. Bir çox yerlərdə zorakılıqlar azalsa da, hava zərbələri nəticəsində itkilər az deyil. 2011-ci ilin martından başlanan münaqişədə 330 mindən çox adam ölüb.

Bu arada İran prezidenti Həsən Ruhani telefon söhbətində Suriya prezidenti Bəşər Əsədə deyib ki, müxalifət nümayəndələrinin də iştirak etdiyi “Milli konqres” müharibənin dağıtdığı ölkəyə sülh gətirməyə kömək edə bilər. “Milli konqres”in yaradılması təşəbbüsü İran, Rusiya və Türkiyə prezidentlərinin noyabrın 22-də Soçidə keçirilmiş toplantısında irəli sürülüb.