Suriya türkmənləri onların təhlükəsizliyinin və konstitusiya hüquqlarının qarantı olacaq hüquqi status almaq istəyirlər. “Anadolu” agentliyi xəbər verir ki, bunu Suriya Türkmənləri Məclisinin başçısı Emin Bozoğlan Ankarada keçirilən mətbuat konfransında deyib. “Hazırda Suriya türkmənlərinin əsas tələbi onlara yerli xalq statusunun verilməsidir”, - deyə Bozoğlan bildirib. Onun sözlərinə görə, Suriya türkmənlərinin azadlıq uğrunda mübarizəsi, hansı ki, 2011-ci ildən aparılır, yeni mərhələyə daxil olub: “Suriya Türkmənlərinin Məclisi mümkün olan hər şey edir ki, türkmənlər gələcəkdə böhranın siyasi yolla aradan qaldırılması, eləcə də onların maraqlarının və təhlükəsizliklərinin təmin olunması üzrə danışıqlarda təmsil olunsunlar”. Amma onun sözlərinə görə, türkmənlərin hüquqlarının müdafiəsi üzrə əhəmiyyətli səylər göstərilsə də, bu, kifayət deyil. “Türkmən icması Suriyada böyüklüyünə görə ikinci yeri tutur və heç şübhəsiz, münaqişələr nəticəsində zərər çəkən əsas tərəfdir”, - deyə Məclisin başçısı vurğulayıb.
Suriyadan söz düşmüşkən, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın bildirdiyinə görə, Bəşər Əsəd hökuməti Suriya müxalifəti ilə bu həftə Cenevrədə təyin edilən danışıqlarda iştirakını hələ təsdiq etməyib. Staffan de Mistura BMT Təhlükəsizlik Şurasına bildirib ki, Əsəd hökuməti Cenevrəyə səfər etməyəcəyini deyib. Lakin Mistura bununla belə, ümidini itirmədiyini bildirib. O, prezident Əsədin Rusiya prezidenti Putinlə Soçidə görüşünü qeyd edib: “Prezident Əsədin Soçidə prezident Putinlə apardığı müzakirələri nəzərə alanda, hökumətin nümayəndələrinin tez bir zamanda yola çıxacağını gözləyirik”.
Bəs Suriya müharibəsindəki “qələbədən” sonra Moskva sülhü də qazana biləcəkmi? BBC-nin hesabatına görə, Suriya böhranından Rusiya öz hərbi və diplomatik nüfuzunu xeyli gücləndirərək çıxıb. Lakin bu, böyük ziddiyyət və beynəlxalq tənqid hesabına əldə olunub. Bu məsələnin diplomatik tərəfi də var. Əsas oyunçu rolunu ABŞ yox, Rusiya oynayır. Suriyanın gələcəyi Rusiyanın İran və Türkiyə ilə qurduğu alyans tərəfindən müəyyən edilir.
Hətta səudiyyəlilər də Moskvanın qapısına aparan yolu ölçməyə başlayıb. Rusiya son 20 il ərzində Qərbin hərbi müdaxilələrindən özünə dərs götürüb. Yaxın Şərqdə ABŞ və onun müttəfiqlərinin “Ərəb baharı”nı yeni demokratiya erasının başlanğıcı kimi alqışlamasını Moskva təşvişlə izləyib. Rusiyanın çıxardığı nəticə daha praqmatik və daha bədbin olub. Rusiya Yaxın Şərqdə xalq üsyanını yeni demokratik quruluşun yox, regional qeyri-sabitliyin başlanğıcı kimi qiymətləndirib və bu dalğanın Rusiya sərhədlərini də aşa biləcəyindən ehtiyat edib.