PRESS NEWS AZERBAIJAN

Yaqlandın kəllə-mayallaq enişi

29.11.2017

 

Yaqland yenə özünü ələ verib. Rusiyanın Avropa Şurasından birdəfəlik çıxmaqla bağlı təhdidi Baş katibdə sonsuz kədər və hiddət yaradıb. Və o qərara alıb ki, yaralanmış qəlbini nüfuzlu Britaniya nəşri “Financial Times”in səhifələrində boşaltsın. Yeri gəlmişkən, haqqin.az saytının oxucuları bu yaxınlardakı buraxılışlarımızdan birində “Köhnə dünya”da birinci liberal statusuna iddia edən siyasətçinin qismində əsl ikiüzlülüyün və siyasi həyasızlığın şahidi oldu.

“Rusiya çıxsa doğrudan da çox, çox pis olardı. Bu, Avropa üçün neqativ hadisə olacaq, çünki biz Rusiyasız Avropa əldə edəcəyik. Bu, Avropa üçün geriyə böyük addım olardı”, - insan haqlarının, demokratiyanın və ümumbəşəri azadlıqların müdafiəsinə cavabdeh olan beynəlxalq təşkilatın rəhbəri beləcə həyacan təbili çalır.

Yaqland bununla da dayanmayıb. Və Avropa paytaxtlarına çoxdan gözlənilən turnesinə çıxıb. Məqsədi isə ancaq budur - avropalı liderlərə Rusiyanın Strasburq şurasından çıxması ilə liberal Avropanın gələcəyi üçün hansı risklərin yaranacağını açıb göstərmək. Ehtiraslı narahatlığının yüksəlişində Yaqland ürəklərə bu ritorik atmacanı da atır: “Böyük siyasi sual bundan ibarətdir ki, biz bunu istəyirikmi?” Bu zaman Yaqland yaranmış vəziyyəti Avropa Şurasının bütün qitə boyu insan haqlarının müdafiəsi mandatını unutmadan perspektivlər nöqteyi-nəzərindən dəyərləndirməyə çağırır.

Sözlər formal olaraq sanki düzgündür, hərçənd mahiyyət üzrə baxanda dəyərlərin açıq-aşkar ələ salınması və tapdalanmasıdır.

Bilmək maraqlı olardı, cənab Yaqland “biz bunu istəyirikmi?” deyəndə kimi nəzərdə tutur axı? Əgər Avropa Şurasını nəzərdə tutursa, o zaman Strasburqun, xüsusən də Parlament Assambleyasının mövqeyi Rusiyaya qarşı sanksiyalar məsələsində bizə məlum olduğu qədər birmənalı və kifayət qədər qətidir. Bəlkə “biz” deyəndə Yaqland özünü və Rusiyada sıx əlaqələr yaratdığı korrupsiyalaşmış dairələri nəzərdə tutur?!

Bu dairələrlə Yaqlandın sövdələşməsinin təfərrüatlarını dəfələrlə şərh etmişik. Söhbət məhz bu yaxınlarda Avropa və Rusiya KİV-lərində - Britaniyanın “Independent” qəzetində, Almaniyanın “Spiegel” jurnalında və Rusiyanın “Kommersant” nəşrində - Azərbaycana qarşı sifarişli məqalələri təşkil edənlərdən gedir. Yaqland bu təşkil olunmuş qara piar kampaniyasında da iz qoyub – Rusiyanın İnosmi.ru internet-portalı kifayət qədər operativ şəkildə Norveçin “Aftenposten” nəşrində dərc olunmuş qalmaqallı sifarişli yazını tərcümə edərək öz səhifələrində yerləşdirmişdi. Azərbaycanın qaralanmasına yönəlmiş həmin məqalədə də mərkəzi yeri məhz Yaqland özü tuturdu.

Avropa və Rusiya KİV-lərində qərəzli yazılar seriyası fonunda baş vermiş son hadisələr gizli sövdələşmənin üzərindən pərdəni götürür – Yaqlandın və Rusiyanın AŞPA-ya qaytarılmasını tələb edən və eyni zamanda Azərbaycanın həmin AŞPA-da qaralanmasını arzulayan digər “Avropa dəyərlərinin qısqanc qoruyucusu” Tini Koksun motivləri daha aydın sezilir.

Yaqlandın məntiqi, xüsusilə onun bu yaxınlarda etdiyi səs-küylü bəyanatlarından sonra, heç cür izah oluna bilmir. Bizi bu suala cavab maraqlandırır - cənab Yaqlandın fikrincə, Azərbaycan və Rusiya harada yerləşir? Doğrudanmı, eyni qitədə? Siyasi coğrafiya ilə kimin problemləri var – bizim, yoxsa Yaqlandın? Bu gün də həm Azərbaycan, həm də Rusiya Avrasiya adlanan materikdə qonşuluqda yerləşir. Əgər Yaqland bu iki ölkənin yerləşməsi ilə razıdırsa, qoy başqa heç də az vacib və ziddiyyətli olmayan məsələyə işıq salsın – nəyə görə Avropa Şurasının baş katibi bu cür qətiyyətlə Rusiyanın maraqlarını lobbiləşdirir və eyni təzyiqlə Azərbaycanın Strasburq təşkilatından xaric edilməsinə nail olmaq istəyir?

Biz Yaqlandın tarixdə ilk dəfə Azərbaycanda Avropa Konvensiyasının 46.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi proseduru sınaqdan keçirmək kimi təşəbbüsü barədə dəfələrlə yazmışıq. Guya ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin bir qərarını icra etmir. Üzr istəyirik, Avropa institutlarının və siyasətçilərinin Rusiyaya qarşı qorxunc iddiaları fonunda Yaqlandın Azərbaycana münasibətdə fədakarcasına prinsipiallığı sözün əsl mənasında ələ salmaq kimi görünür.

Əlbəttə, biz 10 milyonluq Azərbaycanla 140 milyonluq Rusiyanı tərəzinin eyni gözünə qoymaq fikrindən uzağıq. Eyni zamanda, biz Yaqlandın 140 milyon rusiyalının hüquqlarına görə narahatlığını da başa düşürük. Fəqət Yaqlandın məntiqi düşüncəsinə istinad etsək, belə çıxır ki, 10 milyon azərbaycanlının hüquqlarını saya salmamaq olar? Belə çıxır ki, əgər Azərbaycanın əhalisi 100 mindən artıq olsaydı, Yaqland fikrindən daşınaraq bütün gücünü Azərbaycanın Avropa Şurasına qaytarılmasına sərf edəcəkdi? Bu nə məntiqdir? Nə yanaşmadır? Bu metodologiya Avropa dəyərləri ilə necə uzlaşır?

Axı Azərbaycanda bircə qalmaqallı iş barədə danışarkən, Yaqlandın özü Brandtdan sitat gətirərək, Avropa dəyərlərinin patetik üslubda interpretasiyasına yol verib bildirirdi ki, biz hətta bir nəfərin belə hüquqlarına görə münasibətlərin pozulmasına gedərik. Bu halda isə bircə siyasiləşdirilmiş işə görə 10 milyonluq əhalinin Strasburqa yolu kəsilir – bunu necə anlayaq?

Amma üzr istəyirik, hansı dəyərlərdən söhbət gedir?! Göydən yerə enək. Çünki Brandt öz dövrü ilə birlikdə çoxdan səmalardadır. Yer üzündə isə indi Yaqland və həmfikirləri yeriyir. Şübhəsiz, həm Rusiya ilə bağlı, həm də Azərbaycana təzyiqlərin təşkilində Yaqland siyasi-maliyyə dairələrinin sifarişini yerinə yetirir.

Bununla birlikdə, Yaqland özünə sual vermir – nəyə görə baş katibin rəsmi Bakı ilə zirvə nöqtəsinə çatmış qarşıdurması dövründə Azərbaycan hökuməti daha önəmli Avropa institutları və Şimali Atlantika təşkilatları, ilk növbədə Avropa İttifaqı ilə tərəfdaşlığı uğurla genişləndirir? Bu da əyani nümunə - prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə etdiyi xeyli uğurlu səfər.

Prezidentin həmin səfəri və onun Avropa İttifaqının Şərqə genişləndirilməsi proqramında fəal iştirakı nəyi nümayiş etdirdi? Azərbaycan özünün Avropa institutları və Avropa İttifaqı ilə qarşılıqlı sərfəli münasibətlərin möhkəmləndirilməsini ehtiva edən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət konsepsiyasına sadiqdir.

Azərbaycan özünün xarici siyasət prioritetlərini və istiqamətlərini müəyyənləşdirib. İndi söz kəllə-mayallaq aşağı enməkdə olan Yaqlandı saxlamağa borclu olan əhəmiyyətli və aparıcı Avropa institutlarınındır. Azərbaycan sürətli və ədalətli reaksiya gözləməkdə haqlıdır, belə ki, Yaqland Avropa ilə tərəfdaşlığı təhlükə altına qoyur...

Please reload

ƏN ÇOX OXUNANLAR