top of page

Tramp Fələstin liderinə ABŞ səfirliyini Qüdsə köcürəcəyini dedi


ABŞ prezidenti Donald Tramp Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbası İsraildəki ölkə səfirliyini Qüdsə köçürəcəyi barədə xəbərdar edib.

Bu barədə RİA Novosti xəbər yayıb.

“ABŞ dövlət başçısı Donald Tramp Fələstin prezidenti Mahmud Abbasa zəng vuraraq Amerika səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bildirib”, - Fələstin liderinin mətbuat katibi Nabil Əbu Rudeyn deyib.

O əlavə edib ki, Fələstin prezidenti Mahmud Abbas öz növbəsində bu qərarın regionda təhlükəsizliyin və sabitliyin pozulmasına səbəb olacağını bildirib.

Virtualaz.org xatırladır ki, bu məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha kəskin reaksiya verib. O hələ bu telefon danışığından əvvəl - lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Qüdsü “müsəlmanların qırmızı cizgisi” adlandıraraq deyib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.

bottom of page