Nazir vəzifəsindən azad edilməsindən sonra o və kadrları da istintaqa cəlb oluna bilər
Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi onun klanına daxil olan bir çox məmurları da çıxılmaz duruma salıb. 18 il vergilər naziri postunu tutan F.Məmmədov ötən müddət ərzində özünə böyük biznes imperiyası qurmaqla yanaşı bir çox nazirliklərə də adamlarını yerləşdirə bilib. Hətta 4 rayona - Yardımlı, Şəmkir, Gədəbəy və Bakının Binəqədi rayonuna icra başçıları da təyin etdirə bilmişdi. Gələn məlumatlara görə hazırda F.Məmmədovun dövlət qurumlarına yerləşdirilən kadrlarının siyahısı hazırlanır.
F.Məmmədovun əsasən vergi işçiləri sırasından seçdiyi kadrlar yarıtmaz fəaliyyətləri ilə tez-tez mətbuatın gündəminə gəlirlər. Özləri ilə bərabər qeyri-rəsmi patronları Fazil Məmmədovun adını da mətbuat səhifələrinə daşıyıblar. 2015-ci ildə Binəqədi rayonunda dəhşətli bina yanğını zamanı da belə oldu. Məlum oldu ki, bina Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun göstərişi ilə yanğına meyilli materialla üzlənib. Həmin vaxt F.Məmmədovun adı yanğın olayına qarışmışdı. Bildirlirdi ki, vergilər naziri öz yaxın qohumu olan Xaləddin İsgəndərovu yanan bina işinə görə başlanan istintaqdan yayındırıb. Bu olaydan az keçmədi ki, Milli Təhlükəsizlik Nazirliyində qəfil yoxlamalar başladı.
Nazir Eldar Mahmudov işdən çıxaırıldı, nazirliyin yüksək post tutan bir neçə generalı da daxil olmaqla 20 işçisi həbs olundu. MTN-dəki yoxlamalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Eldar Mahmudovun qudası Cahangir Hacıyevin rəhbərlik etdiyi Azərbaycanının ən böyük bankı Beynəlxalq Banka da sıçradı. Həbslər, yoxlamalar dalğası gəldi. Həmin günlərdə Fazil Məmmədovun da başının üstünü “qara bulud”lar alsa da, vergilər naziri özünü, rəhbərlik etdiyi nazirliyi kənarda saxlaya bilmişdi. Buna baxmayaraq Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovu işdən çıxarmaq məcburiyyətində qaldı. V.Məmmədov “MTN işi”nə cəlb olundu.
MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natavan Mürvətovanın cinayət işi üzrə istintaqa cəlb olunan general Vidadi Məmmədov şahid qismində dindirilib. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Ərəstun Nəsibov ifadəsində bildirib ki, şəriki Arif Vəliyevlə birlikdə Rusiya və Avropadan Azərbaycana kosmetika malları gətirib “28 may” metrostansiyasının yaxınlığındakı mağazalarında satıblar. Bir gün isə işə gedərkən MTN-çilər onun maşınının qarşısını kəsib nazirliyə aparıblar: “Qara rəngli ”Audi Q7" və “Tofaş” markalı avtomobillər bizi izləyirdi, qəfildən qarşımızı kəsdilər, Natiq Alıyev yaxınlaşıb məni öz maşınlarına dəvət etdi. Yolda Natiq dedi ki, sahibkarlardan pul yığırlar, məbləği isə Fizuli Əliyev deyəcək. Nazirlikdə Zaur Məmmədov məndən malları gömrükdə hansı qaydada keçirdiyimizlə bağlı izahat alırdı. Bu vaxt Natiq Alıyevə zəng gəldi, çölə çıxdı, sonra qayıdıb “qohum çıxdı” dedi, mənim buraxılmağım və izahatın cırılması barədə tapşırıq verdi. Natiq mənimlə təklikdə söhbət edərək şərikim Arif Əliyevin Vergilər Nazirliyinin Departament rəisi Vidadi Məmmədov vasitəsilə general Sübahir Qurbanovdan bizim buraxılmağımızı xahiş etdiyini bildirdi. Sonra isə “yaxşı qurtardız, xahişinizi etməsəydilər 1.000.000 pulunuzu alacaqdılar” dedi".
Bir neçə gün sonra S.Qurbanovun müavini Fizuli Əliyev və Natiq Alıyev “Sultan” kafesində Ərəstun Nəsibovla görüşmüş və nazirlərin xarici ölkələrdən çoxlu qonaqlarının olduğunu, onları yola salmaq üçün hər dəfə parfümeriya səbətləri düzəltməsini, özlərini isə hər ay 10 min manat verməsini istəyib. Ə.Nəsibov isə hər iki tələbi yerinə yetirmək üçün imkanının olmadığını deyib: “Onlar mənə çox xəsis adam olduğumu dedilər. Bir neçə dəfə qonaqlar üçün səbət düzəltməyə razılaşdım. 2015-ci il martın 19-20-də 5 ədəd qiyməti 4 min manatlıq səbətlər hazırladıq, Arif Vəliyev ”Tarqovı"dakı “La Parfumery” mağazasında onları MTN əməkdaşlarına verdi".
Digər zərərçəkən, general Vidadi Məmmədovun dostu Arif Vəliyev də şəriki ilə oxşar ifadə verib. O, bildirib ki, Ə.Nəsibov MTN əməkdaşları tərəfindən saxlanıldığı barədə ona məlumat verdikdən sonra Vergilər Nazirliyinin departament rəisi Vidadi Məmmədova zəng edərək Ərəstun Nəsibovun buraxılmasına köməklik göstərməsini xahiş edib: “Bundan sonra Natiq Alıyev bir neçə dəfə zəng edib kobud danışaraq məni MTN-ə çağırdı. Yolda olarkən əvvəllər həmin nazirlikdə işləyən dostum Vəfadar Cabbarova məlumat verdim, o da kömək edəcəyinə söz verdi. Mən MTN-ə çatanda Ərəstunu buraxmışdılar deyə daha binaya girmədim. Ərəstun dedi ki, Vəfadarın xahişinə məhəl qoymayıblar, amma Vidadi Məmmədova görə onu buraxıblar”.
Sonradan isə iş adamından tez-tez qiymətli parfümeriya səbətlərini alıblar.
Bundan başqa “MTN işi” araşdırımaları çərçivəsində Fazil Məmmədovun adı istintaqçıların diqqət mərkəzinə gəlmişdi. İddia edilirdi ki, F.Məmmədov Eldar Mahmudovun vasitəsi ilə nazirlikdəki müxtəlif şəxslərin dinlənilməsini təşkil edib. Hətta belə dinləmələrdən birinə əsasən Fazil Məmmədovun nazirlikdə çalışan yaxın qohumlarıdan birinə qarşı tədbir görüldüyü də iddia olunurdu. Bildirlirdi ki, Fazil Məmmədov nazirlikdə baş verən qanunsuzluqlar haqda mətbuata sızmaların hansı mənbə üzərindən həyata keçirildiyi müəyyən etmək üçün 200 min manat xərac verdiyi də deyilirdi.
Vergilər Nazirliyində ildırım sürətli nazir dəyişikliyi 2015-ci ildə MTN-də baş verənlərin təkrarına çox bənzəyir. Həmin vaxt da heç kimin gözləmədiyi bir vaxtda Eldar Mahmudovu işdən çıxarmışdılar. Az keçmədi ki, Eldar Mahmudovun qudası qandallandı. Fazil Məmmədovun qudası yoxdur, amma yaxın qohumu olan vəzifə sahibi var. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun “Yanan bina işi”nə görə məsuliyyət məsələsi bu günə qədər müəyyən edilməyib. Gələn məlumatlara görə yaxın zamanlarda X.İsgəndərovun istintaqa cəlb olunacağı da istisna olunmur.
Fazil Məmmədovun qəfil işdən çıxarılmasında səhhət məsələsini qabardanlara cavabı da sıradan bir məsələ deyil. Rəsmi olaraq sabiq nazirin səhhətinin ağır olmasına görə işdən çıxarılması bəyan olunandan az sonra onun “az xəstəyəm” deməsi sıradan bir hal deyil.
Bu ilin əvvəlində Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndə Ziya Məmmədov avtomatik postunu itirmişdi. Amma onu Fazil Məmmədov sayağı yola salmadılar. Kollektivi bir araya gətirib Ziya Məmmədovu gül-çiçəklə yola salmışdılar. Fazil Məmmədov isə...