PRESS NEWS AZERBAIJAN

Məşhur kişilərin ağlını başdan alan ilk Azərbaycan gözəlinin faciəvi taleyi

11.12.2017

 

Dosent Regina Krasivskayanın bu günlərdə çapdan çıxmış "Bakı şəhərinin əfsanəsi — Nərgiz" kitabı köhnə bakılıların diqqətindən kənarda qalmadı. Kitabda Bakının və Azərbaycanın ən gözəl qadını adlandırılan Nərgiz Xəlilovanın həyat hekayəsindən bəhs edilir. O, təkcə öz zahiri gözəlliyi ilə deyil, həm də qeyri-adi zehni, incə davranışı və bənzərsiz cazibəsi ilə zamanında hər kəsi heyran edib.

İlk Bakı gözəli haqqında kitabın müəllifi, onun xalası qızı Regina Krasivskaya Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

 

— Regina xanım, Nərgiz Xəlilova kimdir?

 

— Təəssüf ki, müasir Azərbaycan gəncliyi Nərgiz haqqında heç nə bilmir. İnternetdəki məqalələri oxuyarkən hər dəfə bir suala rast gəlirəm: Nərgiz Xəlilova kimdir? Hamı onun haqqında ətraflı bilmək istəyir. Ona görə də mən kitab yazmaq qərarına gəldim. Mən altını cızaraq deyirəm: Nərgiz fenomeni onunla bağlıdır ki, o, aktrisa, yaxud müsiqiçi olmayıb, yalnız özünün xüsusi keyfiyyətlərinə görə 60-cı illər nəslinin simvoluna çevrilib. O, çox geniş təhsilli insan idi. Beş dil bilirdi, Bülbül adına musiqi məktəbini və Konservatoriyanı bitirmişdi.

Nərgizin atası Ramazan Xəlilovgil Tbilisidə yaşayıblar. O, avar knyazının oğlu olub. Jurnalistka təhsili var idi. 1930-cu ildə "Bakinskiy raboçiy" (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqradda akkreditə edilib və orada da Nərgizin gələcək anası ilə tanış olub. 

Onun anası Elvira Xəlilova Belorusiyada anadan olub. Onun da çox gözəl görünüşü var idi. Cütlük 20 il biryerdə yaşadılar. Nərgiz dəfələrlə etiraf etmişdi ki, onun uşaqlığının ən gözəl çağları Üzeyir Hacıbəylinin ailəsi ilə bağlı olub. Onları qohumluq əlaqələri bağlayırdı (Nərgizin ata nənəsi Üzeyir Hacıbəyli və böyük Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı olub-red.). 

Nərgizin uşaqlığı qayğısız idi. Onu diqqət və isti münasibət əhatə etmişdi. Onun anası ürək xəstəsi idi. Ona görə də mənim anam tez-tez onu ziyarət edirdi. Anam da xalam Elvira kimi gözəl idi. Mən həmişə özüm haqda deyirəm ki, "işləri azca atam korlayıb". Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşdü. Amma sonra yenidən evlənmək qərarına gəldi. 

 

— Bəs Nərgizin şəxsi həyatı necə pisləşdi? 

 

— O, çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış oldu. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri di. Onlar bir-birilərini sevirdilər və evlənmək qərarına gəldilər. 1959-cu ildə Nərgiz Konservatoriyanın nəzəriyyə bölməsini bitirdi və bir müddət özünün yeni həyat yoldaşı titulunu daşımalı oldu. 

Onun gözəlliyi Azərbaycanın bir çox məşhur şəxsiyyətlərini heyran etmişdi. Misal üçün, Bakının baş arxitektoru Əliş Ləmbəranski Bakının mərkəzində bir kafe tikdirmişdi və ona "Nərgiz" adını vermişdi. Şair Rəsul Həmzətov ona şeir həsr eləmişdi, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazmışdı. Hətta illər sonra onun həyatından bəzi faktlar Moskva teatrının "Yarasa" ("Letuçaya mış") tamaşasının əsasını təşkil etmişdi. 

Təəssüf ki, bir neçə il sonra Nərgiz və Məlik ayrılmaq qərarına gəlirlər. Bunun bir neçə səbəbi vardı: xarakterlərin uyuşmazlığı, ortaq maraqların olmaması və həyat yoldaşının əsassız qısqanclıqları. Boşanandan sonra Nərgiz ata evinə qayıtdı. O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqəti cəlb edirdi, həmişə gözəl geyinirdi. Müslüm Maqomayev onun ata tərəfdən qohumu idi. Həmişə ona xaricdən dəbə uyğun geyimlər gətirirdi. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinmişdi.

 

— Boşanandan sonra o daha ərə getmədi? 

 

— Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olmuşdu. O varlı tat yəhudilərindən birinin oğlu və şəhərin "qızıl gəncliyi"nin lideri idi. O, Nərgizi dəlicəsinə sevirdi və onlar vətəndaş nikahında yaşayırdılar. 

Sonra onlar Moskvaya köçmək qərarına gəlirlər. Orada sevgilisi valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satırdı. Əvvəlcə o tək işləyirdi. Sonra qrup şəklində işləməyə başladılar. Hətta o səviyyəyə çatdılar ki, valyuta ilə qızıl alıb onu xaricə satırdılar. 

Bir dəfə onları saxladılar. Onların mənzillərində olan hər şeyi müsadirə etdilər. Mənim bədbəxt xalam qızı il yarım təsəvvürə gəlməyəcək dərəcədə əzab, alçaldılma, Lefortovo həbsxanasında bitib-tükənməyən sorğulanma ilə qarşılaşmalı oldu. Nərgiz beş il Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkməli oldu. O, qrup üzvlərinin sadəcə adını bilirdi. Amma onu onlarla əlaqədə günahlandırdılar. Bizim heç birimiz onların nə işlə məşğul olduğunu bilmirdik. Nərgiz bizə deyirdi ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur.