Azərbaycanlı gəlin öz xınayaxdısında məşhur Türkiyə teleserialı "Möhtəşəm Yüz il"in tarixi qəhrəmanı Hürrəm Sultan qiyafəsində peyda olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, stilist Nura Babayeva öz Instagram səhifəsində Hürrəm Sultan kimi bəzədiyi gəlinin fotosunu yayıb. Gəlinin eynilə serial qəhrəmanına oxşaması sosial şəbəkə istifadəçilərini valeh edib.
Stilist dəfələrlə Hürrəm Sultan obrazının azərbaycanlı qadınlar arasında ən çox tələb olunan obraz olduğunu bildirib.
Qeyd edək ki, Hürrəm Sultan əvvəlcə Osmanlı sultanı Süleymanın köləsi, sonra isə arvadı olub. O, Avropada Roksolana adı ilə məşhurdur. Hürrəm həmçinin sultanın siyasi məsləhətçisi olub. O, sultan üçün 6 uşaq doğub. Onlardan ən məşhuru Osmanlı imperiyasının 11-ci sultanı II Səlim olub.
Türkiyədə Hürrəm Sultanla Böyük Sultan Süleymanın sevgi tarixindən bəhs edən "Möhtəşəm Yüzil" teleserialı çəkilib və o, dünyanın bir çox ölkələrində böyük tamaşaçı auditoriyası toplayıb. Hürrəm Sultan obrazını serialda əsasən Məryəm Üzərli canlandırıb.
Nura Babayeva Azərbaycanın populyar qrim ustalarından biridir. O, indiyə kimi bir çox ulduzun, misal üçün Maykl Cekson, Türkan Şoray, Ancelina Coli, Ornella Muti və digər məşhurların obrazlarını yarada bilib.