ABŞ dövlət katibi Reks Tillerson Türkiyə-Suriya sərhədində qurulacağı və 30 min terrorçu YPG-lidən təşkil oluanacağı iddia edilən “Sərhəd gücü” haqqında ilginc açıqlama verib. Xarici KİV-in məlumatına görə, Tillerson ABŞ-ın belə bir niyyətinin olmadığını deyib.
“ABŞ-ın belə niyyəti yoxdur. Türkiyənin nədən sərt reaksiya verdiyini də yaxşı anlayırıq və onlara bir açıqlama borcumuz var”, - deyə dövlət katibi bildirib.
Tillerson həmçinin, “Mövqeyimiz Türkiyə tərəfindən yanlış başa düşüldü və bəzi rəsmi şəxslər də bizə qarşı yanlış ifadələr söylədi”, - deyə əlavə edib.
ABŞ-ın Müdafiə Nazirliyi də, öz növbəsində, bildirib ki, Pentaqon Suriyada yerli birləşmələrin hazırlığını davam etdirir, lakin söhbət "sərhəd qüvvələri" və ya yeni ordunun yaradılmasından getmir.
Qeyd olunub ki, İŞİD-in məhv edilməsinə dair hərbi kampaniya sona çatmayıb. Bu mənada yerli birləşmələr terrorçulardan azad edilən rayonlarda vəziyyətin sabitləşməsinə xidmət edir.
O da vurğulanıb ki, Pentaqon Türkiyəni Suriyada İŞİD-in darmadağın edilməsi ilə bağlı hərəkətləri barədə məlumatlandırmaqda və özünün NATO-dakı müttəfiqini terrorçuluqla mübarizədə dəstəkləməkdə davam edir.