PRESS NEWS AZERBAIJAN

Azərbaycanda sovet maşınları yığışdırılır: onu sürəni cərimə gözləyir

02.02.2018

 

Bakının yollarında hələ də istifadəyə yararsız avtomobillər şütüməkdədir. Pressnews xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
 

Qeyd edək ki, paytaxt yollarında bu günə özünü zorla çatdırmış sovet avtomobilləri ilə rastlaşmaq mümkündür. Onları əminliklə "təkər üstündə dığırlanan metal yığını" da adlandırmaq olar. Bu avtomobillərin bir çoxunun ön şüşəsində hətta texniki baxışdan keçdiyini göstərən talon da görmək mümkündür. Reallıqda bu nəqliyyat vasitələri təkcə onun sahibləri üçün deyil, ətrafdakı insanlar üçün də birbaşa təhlükədir. Əsədovun sözlərinə görə, yol polisi bu cür avtomobillərlə qarşılaşanda onları qorunan avtodayanacaqlara yönəldir, avtomobil sahiblərinə də nəqliyyat vasitəsinin istismar müddətinin bitməsi ilə bağlı prosedurları yerinə yetirməyə kömək edir.

 

"Əgər səhv etmirəmsə, 2017-ci ildə Bakıda 600 belə avtomobil istismardan çıxarılıb" – deyə yol polisinin nümayəndəsi bildirib.O qeyd edib ki, istismar müddəti bitmiş avtomobilin sahibləri onların qeydiyyatdan çıxarılması üçün texniki pasport və dövlət nömrə nişanını AR Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim etməlidirlər. Əsədovun sözlərinə görə, köhnəlmiş avtomobillər texniki baxışdan keçə bilməz, çünki diaqnostika mərkəzindəki aparatlar maşının bütün problemlərini göstərir. Nəticədə sürücülərə maşının qabaq şüşəsinə yapışdırmaq üçün texniki baxışdan keçdiyinə dair müvafiq talon verilmir. Avtomobil sahibi isə texniki baxış talonu olmadığına görə 50 manat cərimə edilə bilər. 

 

Vaqif Əsədovun dediyi kimi, bu gün paytaxt yollarında istifadəyə tamamilə yarasız hala düşmüş QAZ-24, QAZ-31, VAZ-2106, VAZ-2101 və hətta müxtəlif illərin istehsalı olan VAZ-2107 markalı maşınlara rast gəlmək mümkündür.

Bununla yanaşı, yol polisi Bakıda sovet nömrələri olan avtomobillərin mövcudluğu barədə məlumatları təkzib edib.

 

Belə maşınlardan birinin şəkli bu günlərdə sosial şəbəkədə paylaşılmışdı. Facebook-da yayılan şəkildə uzun illər qarajda toz basmış köhnə avtomobilin Bakı yollarında hərəkət etdiyi açıq-aydın görünürdü.

Amma Əsədov deyib ki, sözügedən fotoşəkil bir neçə il əvvəl çəkilib və bugünkü reallığa uyğun gəlmir.


 

Please reload

ƏN ÇOX OXUNANLAR