PRESS NEWS AZERBAIJAN

Türkiyə tankı ABŞ silahı ilə vurulub

06.02.2018

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçu sayı 947-yə yüksəlib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilib. Məlumatda son əməliyyat çərçivəsində PKK/KCK/PYD/YPG vә İŞİD terror təşkilatlarının 12 üzvünün məhv edildiyi bildirilib. “Türkiyənin dinc vətəndaşlara zərər verməmək barədəki həssaslığı olmasaydı, Suriyanın Afrin bölgəsindəki “Zeytun budağı” hərəkatı daha sürətli irəliləyəcəkdi”. Bunu baş nazirin müavini Fikri İşıq İstanbulda Ədalət və İnkişaf Partiyasının yığıncağında dilə gətirib. Afrindəki dinc vətəndaşlara zərər verilməməsi məsələsinə ciddi səy yetirildiyini deyən baş nazirin müavini, türk əsgərinin dinc vətəndaşların zərər görməməsi üçün əlindən gələni etdiyini bildirib. Fikri İşıq bu əməliyyatları sadəcə, Türkiyənin milli təhlükəsizliyi üçün deyil, eyni zamanda bölgənin sabitlik və dincliyi üçün də keçirməyə davam edəcəklərini söyləyərək, “Başqa cür bölgədə sabitlik olmaz. Özgələri özlərinin təhlükəsizliyi üçün bölgənin top atəşinə çevrilməsini istəyə bilər, amma Türkiyə bunu əsla istəməz və qəbul edə bilməz” deyib. Türkiyənin baş naziri Binəli Yıldırım isə Suriya ilə həmsərhəd Hatay və Kilis şəhərlərinin raket atəşinə tutulması nəticəsində 7 mülki şəxsin şəhid olduğunu, 113-ün də yaralandığını bildirib. Baş nazir Binəli Yıldırım terrorçular tərəfindən Hataya 60, Kilisə isə 34 mərminin atıldığını deyib. Qeyd edək ki, Binәli Yıldırım və onu müşayiət edən nümayəndə heyəti Kilis valiliyində olub. Daha  sonra jurnalistlərə açıqlama verən baş nazir “Zeytun budağı” əməliyyatını idarə edən Hatay şəhərindəki ordu qərargahında olduğunu qeyd edib. Suriyanın Afrin bölgəsində keçirilən ''Zeytun budağı'' əməliyyatı çərçivəsində 2 əsgər şəhid olub, daha 5-i yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin  Baş Qərargahının məlumatında bildirilir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Vatikan və İtaliyaya səfər etməzdən əvvəl İtaliyanın ‘‘La Stampa’’ qəzetinə müsahibə verib. Avropanın terror təşkilatı PKK/PYD-yә qarşı mövqeyini tənqid edən dövlət başçısı Әrdoğan Avropa Parlamentində baş verən qalmaqala toxunub. “Avropa və ABŞ PYD/YPG-ni  terror təşkilatı olaraq görmür" sualını cavablandıran dövlət başçısı “Səhv edirlər çünki PKK-PYD/YPG arasında heç bir fərq yoxdur" deyib. “Terror təşkilatları arasında fərq qoyulmamalıdır” deyən  Ərdoğan bildirib ki, Suriyadakı  vəziyyət  terror təşkilatının bir başqa terror təşkilatı ilə dəf edilə bilməyəcəyini göstərmişdir.

O da bildirilir ki, Ankara Afrində 5 türk hərbi qulluqçunun ölümündə ABŞ-dan şübhələnir. Afrində Türkiyə tankının ABŞ istehsallı "Javelin" tank əleyhinə reaktiv kompleksi vasitəsilə vurulduğu müəyyən edilib. Türkiyə mətbuatı yazır ki, bundan əvvəl Ankara Birləşmiş Ştatlara "Javelin" komplekslərinin alışı ilə bağlı müraciət etsə də, Vaşinqton bu komplekslərin Türkiyə ordusuna satışından imtina edib.  O da bəlli olub ki, ABŞ ordusuna məxsus zirehli maşınların olduğu böyük bir karvan İraq Kürd Muxtariyyətinin nəzarətindəki Qamışlı ərazisinə keçib. Bu barədə “Hürriyət” informasiya yayıb. Terrorçuların işğalında olan ərazidən 3 avtobus və 90 maşından ibarət karvan Afrindəki PYD-YPG üzvlərinə yardım üçün yola düşüb. Kömək üçün göndərilən terrorçu sayının 400-ə yaxın olduğu bildirilib. Qeyd edək ki, Qamışlı bölgəsi PYD-YPG terror qruplaşmasının Fəratın şərqində yerləşən mərkəzlərindən biri olaraq tanınır.

 

Please reload

ƏN ÇOX OXUNANLAR