PRESS NEWS AZERBAIJAN

Münhendə İran-İsrail qarşıdurması

19.02.2018

 

 

 Münhen Təhlükəsizlik Konfransının son günündə İsrail ilə İran arasında gərginlik yaşanıb. Konfransda çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu İranın təkcə İsrail üçün yox, bütün dünya üçün təhlükə kəsb etdiyini bəyan edib. "Bizim qətiyyətliyimizi sınamayın", - Netanyahu bu sözləri İrana ünvanlayaraq söyləyib. Netanyahu çıxışı zamanı ötən həftə İsrail sərhədində vurulmuş hərbi dronun bir parçasını əlində silkələyərək, onun İrana məxsus olduğunu vurğulayıb. Əlində dron fraqmenti olan Benyamin Netanyahu üzünü İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə tutaraq deyib: "Bunu tanıdınızmı? Sizə aiddir". Netanyahu bəyan edib ki, İsrail lazım gələrsə, İrana qarşı hərəkətə keçəcək. İsrail Baş naziri İranın Yaxn Şərq regionuna təsirinin qarşısını alınması üçün ABŞ və Avropanı təcili olaraq hərəkətə keçməyə çağırıb. Benyamin Netanyahu 2015-ci ildə Tehran ilə Qərb arasında bağlanmış nüvə sazişini tənqid edərək deyib ki, həmin saziş "təhlükəli İran pələnginin” əl-qolunu açıb. Rəsmi Tehran İsrailin ittihamlarını, o cümlədən, vurulmuş dronun İrana məxsus olduğunu rədd edir. Netanyahudan bir neçə saat sonra çıxış edən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsrailin baş nazirinin nitqini "karikatur" bir çıxış adlandırıb. Zərif bildirib ki, hərbi təyyarənin vurulması İsrailin yenilməzliyi barədə mifi dağıtmış olub. Fevralın 10-da İsrail Suriyada İran hədəflərinə qarşı hava reydi keçirdiyi zaman, İsrailə məxsus F-16 təyyarəsi Suriya hava qüvvələri tərəfindən vurularaq yerə salınmışdı. Məhəmməd Zərif İsraili eləcə də Suriya və Livana qarşı hücumlar həyata keçirməkdə ittiham edib. Zərif qeyd edib ki, Netanyahunun çıxışı həmin hücumları unutdurmaq məqsədi daşıyır.

Please reload

ƏN ÇOX OXUNANLAR