Etirazçılar Poroşenkonun istefasını tələb ediblər

Bazar günü bir neçə min etirazçı Kiyevdə küçələrə çıxaraq prezident Petro Poroşenkonun istefasını tələb ediblər. Millətçilər isə elə həmin gün paytaxtda Rusiyaya bağlı üç binanın pəncərələrini sındırıb, fasadını korlayıblar. Yürüşü fevralın 12-də Ukraynadan deportasiya olunmuş Mixail Saakaşvili təyin edib. O, antikorrupsiya kampaniyası apardığını bildirir. Rəsmilər Poroşenkonun istefasının tələb olunduğu yürüşə 2 min 500 nəfərin çıxdığını bildirir. “Frans Pres” agentliyi isə etirazçıların sayının 10 min olduğunu qeyd edir. Asayişi qorumaq üçün paytaxt küçələrinə 3 min polis çıxarılıb. Ukraynanın qərbində və mərkəzində daha kiçik nümayişlərin təşkil olunduğu da xəbər verilir. Kiyevdə onlarla ultra-sağ millətçi, qərargahı Moskvada olan yardım agentliyinin və iki Rusiya bankının binalarına ziyan vurublar. Rusiya rəsmiləri bunu “daha bir provokasiya” adlandırıblar. Keçmiş müttəfiqlər olan Poroşenko və Saakaşvili qatı rəqibə çevriliblər. Polşaya deportasiya olunmuş Saakaşvili həyat yoldaşının vətəni Niderlanda gedib və Poroşenkonu devirməkdən ötrü fəaliyyətini davam etdirəcəyini bildirib. 50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib. Saakaşvili ittihamları rədd edir, onları siyasi motivli sayır.