Ölkə ərazisində zəif toz-dumanı müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mətbuata verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 29-30 mart tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.