Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi -

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində həyatını itirən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qız övladı Zümrüd və Jalə Məmmədovalar yetim qaldı. Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. Özü də süpürgəçi işləyən və kirayədə yaşayan tənha qadın anasız uşaqları saxlamaqda çətinlik çəkir. Ağır həyat şəraiti keçirən ailədə azyaşlı uşaqlar belə küçədə sellofan torbaları yığıb sataraq dolanırlar. Onlar təhsil xərclərini ödəməkdə çətinlik çəkirlər.
Bu gün isə millət vəkili Qənirə Paşayeva “Yeni Müsavat”ın müxbirləri ilə birgə anasız qalan azyaşlı qızları ziyarət edib, baş verən bədbəxt hadisə ilə bağlı onların kədərinə şərik olub.