top of page

Əflatun Amaşov Ombudsmanın fəaliyyətini tənqid etdi


“Təəssüflər olsun ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin “İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır.

Ombudsmanın “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin tam yerinə yetirməsi görünmür. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyətin quruculuğunun əsas şərtidir”.

PressNews.Az “Report”a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib:

“Belə olan halda Müvəkkilin “İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir.

Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

bottom of page