PRESS NEWS AZERBAIJAN

İran hədələdi: Razılıq pozulsa, nüvə proqramını bərpa edəcəyik

25.04.2018

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, əgər ABŞ prezidenti Donald Tramp 2015-ci ildə əldə olunan nüvə razılığını pozsa, ölkəsi nüvə proqramını bərpa edəcək. Tramp İran ilə Birləşmiş Ştatlar da daxil olmaqla, altı ölkə arasında əldə olunan sazişi qınayıb və düzəlişlər edilməyəcəyi təqdirdə, razılaşmadan çıxacağını deyib. Trampın administrasiyası razılıqla bağlı yenidən danışıqlar aparılmasını istəyir. İran hazırkı sazişə əməl edib və bildirir ki, əgər Birləşmiş Ştatlar razılığı pozsa, onlar müvafiq cavab tədbiri görəcəklər. “Biz önümüzə bir neçə seçim qoymuşuq və bu variantlar hazırdır. Buna bizim nüvə fəaliyyətimizi daha sürətli bir şəkildə davam etdirmək daxildir. Biz müvafiq qərarı verəcəyik”, - deyə Zərif bildirib. Trampın ən yaxın müşavirlərindən bəziləri İrana qarşı sərt mövqe sərgilənməsinə çağırır. ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri olan İsrail, Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri də eyni tələblər irəli sürür. Lakin Fransa, Britaniya və Almaniya iddia edir ki, Tehranla nöqsanlı razılığın əldə olunması heç bir razılığın olmamasından daha yaxşıdır. “Başa düşürəm ki, İsraildə İrandan gələn təhlükələrlə bağlı narahatlıqlar var. Bizim bu təhlükənin qarşısının necə alınacağına dair narazılıqlarımız var. İsrailin baş naziri Beynamin Netanyahunun mövqeyi odur ki, İranla nüvə razılığı İsrailin istədiyi təhlükəsizliyi təmin etmir. Biz isə düşünürük ki, razılığın olmamasındansa, nöqsanlı da olsa, bu razılığın olması daha yaxşıdır,” - deyə Almaniya kansleri Angela Merkel bildirib. İranla razılıq Obama administrasiyasının əsas nailiyyətlərindən biri idi. Razılığa əsasən, Tehranın nüvə silahları proqramını dayandırması mübadiləsində Qərbin ölkəyə qarşı iqtisadi sanksiyaları aradan qaldırılıb. Tramp bu sazişi ən pis razılıq adlandırıb. Əgər o, mayın 12-dək İranın razılığa riayət etdiyini təsdiqləməsə, ABŞ Konqresi İrana qarşı sanksiyaları bərpa edə bilər. Amma bir çoxları bunun əleyhinə çıxır, çünki bu addım ABŞ-ın hər hansı beynəlxalq razılıqda etibarlı tərəfdaş mövqeyinə xələl gətirə bilər.

Please reload

ƏN ÇOX OXUNANLAR