top of page

Sumqayıt Baş Polis İdarəsinin təhqiqatçısı Nahid niyə cinayət işini ört-basdır edir?


Ötən ay Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 99HT545 dövlət nömrə nişanlı "Ford Mondeo" markalı avtomobil ş

əhər sakini, 18 yaşlı Xəzər Avdıyevi vurub. Xəzər Avdıyevin atası Maarif Avdıyev Sputnik Azərbaycan-a müraciət edərək bildirib ki, oğlu mayın 21-də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 40-cı məhəllə adlanan yerdə qəzaya düşüb. "Mənə xəbər verdilər ki, Xəzəri maşın vurub. Bütün işlərimi atıb xəstəxanaya getdim. Məlum oldu ki, uşağın ayağı qırıldığı üçün onu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparıblar", — deyən M.Avdıyev xəstəxanada qəzanı törədən şəxslə görüşüb. Sürücünün törətdiyi qəzaya yanaşması zərərçəkmiş tərəfi dəhşətə gətirib: "Oğlumu maşınla vuran sürücü Xalidə adlı xanım idi. Törətdiyi qəzadan qətiyyən peşman deyildi. Əksinə, mənə dedi ki, "yaxşı eləmişəm vurmuşam, uşağın kordur, şikəstdir? Yolu keçəndə baxsın da". M.Avdıyevin sözlərinə görə, Xəzər albinos olaraq doğulub. Onda albinizm göz, dəri və saç rənginə təsir edib. Görmə qabiliyyəti getdikcə zəiflədiyindən, Xəzər eynəklə hərəkət edir və uzaq məsafəni pis görür. O, avtomobilin uzaqda olduğunu düşünərək yolu keçməyə cəhd edib. Onu vuran sürücü xəstəxanaya çatdırsa da, sonrakı taleyi ilə maraqlanmayıb. "Oğlum iki həftə xəstəxanada yatdı. Gəlib heç maraqlanmadı ki, ona nə oldu, necə oldu. Heç düşünmədi ki, bəlkə bu uşağın valideyni yoxdur, pulu yoxdur. Biz Füzuli rayonundan məcburi köçkünük. 1993-cü ildən Sumqayıtda məskunlaşmışıq. Burada kiçik bir daxma tikib üç övladımla birlikdə yaşayıram. Xəzər orta məktəbi ötən il bitirib. Təzəliklə daxmamızın qarşısında balaca meyvə-tərəvəz budkası açmışıq. Xəzər orada meyvə satıb ailəmizin dolanışığına kömək edirdi. Qardaşı və bacısı hələ məktəblidirlər. Yoldaşım işləmir. Gündəlik cüzi xərclərlə ailəmizi birtəhər dolandırırıq. Maddi vəziyyətimiz çox ağırdır. Dost-tanışlardan borc yığıb Xəzəri müalicə etdirmişəm. Yenə Xəzər meyvə satanda evdə çörəkpulu olurdu. O vurulandan sonra bu cüzi gəlirdən də məhrum olmuşuq. Əvvəl günlərimiz xəstəxanada keçdi, indi isə eşidib-bilən tanışlar, qohumlar Xəzəri ziyarətə gəlir, başımız qarışır. Budkada olan mallarımız da xarab oldu, atdıq bayıra. İnanın, mayın 21-dən bu günə qədər mənə 3000 min manata yaxın zərər dəyib", — deyə M.Avdıyev bildirib. Maarif Avdıyevin sözlərinə görə, hadisədən sonra sürücü iki qadınla yenidən xəstəxanaya gəlib: "Yanlarında bir qadın vardı, dedi ki, bir işdir olub, keç günahından. Mən də dedim ki, başa düşürəm, qəzadır, amma sürücü peşman deyil, deyir, "yaxşı eləmişəm)". Onlara dedim ki, sizin mənə heç nəyiniz lazım deyil, sadəcə imkanım yoxdur, heç olmasa, uşağın xəstəxanadan çıxarılmasına kömək edin. Bilirsiniz ki, xəstəxanada hər şey pulludur — dərmanlardan tutmuş, həkimlərin, tibb bacılarının xidmətlərinə qədər. Həmin gündən sonra onlar bir dəfə də olsun nə xəstəxanaya gəldilər, nə də maraqlandılar. Sonra qəzanı araşdıran təhqiqatçı ilə danışdım. O da məsələyə dırnaqarası baxaraq, "qadındılar, biz onları tuta bilmərik ki" dedi". Xəzərin atası deyir ki, "sürücünün qadın, yaxud kişi cinsindən olmasının mətləbə nə dəxli var?! Qadındır deyə hər yoldan keçəni vurmalıdır və cəzasız qalmalıdır?! Tutaq ki, Xəzər kordur, kardır, yolu keçəndə maşını görmür, bəs sürücü hara baxırdı? O, niyə ehtiyatsız hərəkət edərək piyadanı vururdu. Sürət həddinin aşağı olduğu küçədə hansı sürətlə sürürmüş ki, piyadaya çatana qədər əyləci basıb maşını saxlaya bilməyib və onu vurub kənara tullayıb?!" Xəzərin atası təhqiqatçının işlə maraqlanmadığını görəndən sonra Sumqayıt Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla görüşərək vəziyyəti ona danışıb. Rəis zəng edib, işlə bağlı təhqiqat şöbəsinin rəisinə müvafiq tapşırıq verib. O da Maarif Avdıyevə deyib ki, "qəzanı törədən qadındılar, onu tuta bilmərik, amma məşğul olacağıq". "Qəzadan iki gün sonra avtomobili cərimə meydançasından çıxartdılar. Əslində isə biz şikayət ərizəmizi geri götürəndən sonra avtomobil sahibinə qaytarılmalı idi. İki gün sonra mənə qonşular dedi ki, avtomobil buraxılıb. Dünən isə o avtomobil yenə bizim məhlədən keçdi. Heç elə bil uşağı vurub şikəst eləyən bu olmayıb" — deyə Avdıyev bildirir. Onun sözlərinə görə, qəza zamanı Xəzərin sağ ayaq pəncəsində qırıq meydana gəlib və sol dizinin qapağı zədələnib. Xəzər Avdıyevin sözlərinə görə, mayın 21-də saat 14.30 radələrində mağazadan qayıdanda onu maşın vurub: " Gördüm məsafə uzaqdı, keçə bilərəm. O da sürətlə gəlirdi. Qaça-qaça yolu keçmək istəyəndə avtomobilin sağ tərəfi mənə dəydi. Gedib maşını 100 metr uzaqda saxladılar. Düşüb gəldilər. Əvvəlcə məni Təcili Yardıma apardılar ki, dizimi sarısınlar. Oradan bildirdilər ki, qırıq var travmatologiyaya aparılmalıdır. Sonradan onlar mənimlə heç maraqlanmadı da. Bütün xərcləri atam çəkdi". Məsələ ilə məşğul olan Sumqayıt Baş Polis İdarəsinin təhqiqatçısı Nahid (soyadını bildirməkdən imtina etdi) isə Sputnik Azərbaycan-a bildirib ki, bu iş hələ araşdırılır: "Araşdırma hələ tamamlanmayıb. Məsələyə hələ hüquqi qiymət verilməyib. Avtomobil isə təbii ki, cərimə meydançasında qalmamalıdır. Hələ qəza ilə bağlı ekspert rəyi hazır deyil. Zərərçəkmiş nədən narazıdır ki?" Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə agentliyimizə bildirib ki, bu, xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi olduğu üçün, hər bir halda sürücü məsuliyyət daşıyır: "Yəqin ki, araşdırmanın nəticəsində sürücü məsuliyyətə cəlb ediləcək". Muradlının sözlərinə görə, yol-nəqliyyat hadisəsində xəsarət halı varsa, bu iş yol polisi deyil, polis idarəsi tərəfindən araşdırılır. Məsələyə hüquqi qiyməti məhkəmə verir. İstintaq zamanı toplanmış materiallar məhkəməyə göndərilir və məhkəmə sürücüyə müvafiq cəzanı kəsir. Əgər ekspertizanın rəyində yüngül xəsarət qeyd edilibsə, bu zaman sürücü inzibati olaraq cərimə edilir və onun sürücülük hüququ məhdudlaşdırılır. Amma təcrübə göstərir ki, məhkəmələr, polis bəzən bu işlərə biganə yanaşır. "Sürücü bilirsinizmi niyə narahat deyil? Görünür, o, polislə, istintaq orqanları ilə öz məsələsini həll edib. Ola bilsin, kimsə onun arxasında durub və deyib ki, "narahat olma, pulunu ver, məsələni lokal şəkildə həll edək" — deyən ekspertin fikrincə, bu cür nəticələr insanları harınlaşdırır. "Və sürücü artıq fikirləşir ki, əgər cibimdə pulum varsa, hər şey edə bilərəm. Qanun hamı üçün qanun olsa, belə harınlamış sürücülər olmaz". Muradlının fikrincə, yol-nəqliyyat hadisələri həm də insanlıq problemidir. Elə hallar olur ki, piyadanı vuran şəxs daim onunla maraqlanır, ona tez-tez baş çəkir, maddi dəstək verir: "Yol hərəkəti haqqında" AR Qanununda qeyd edilir ki, sürücü vurduğu zərəri ödəyirsə, zərərçəkmişlə məsələni öz arasında həll etmiş olur". Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 263-cü maddəsinin (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) 1-ci bəndində (263.1) deyilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini ("digər mexaniki nəqliyyat vasitəsi" dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur-CM) idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bəhs etdiyimiz halda isə cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışmayıb və ona dəymiş ziyanı tamamilə ödəməyib. Odur ki, bəhs etdiyimiz qanunvericiliyə əsasən, cinayət məsuliyyətindən azad edilə bilməz.

bottom of page