Azərbaycan və İran iki ölkənin paytaxtlarını birləşdirəcək dəmiryol xəttinin işə salınması barədə danışıqlar aparır.
Pressnews.Az bildirir ki, bunu Trend-ə "İran dəmir yolları"nın nümayəndəsi Mir Həsən Musəvi deyib.
Bu dəmir yolunun Bakını Azərbaycanın Astara şəhəri ilə, daha sonra İranın eyni adlı şəhərindən keçməklə paytaxt Tehranla əlaqələndirəcəyi planlaşdırılır.
M.H.Musəvinin sözlərinə görə, İran tərəfi yolun tikintisini sürətləndirmək üçün bütün zəruri məsələləri, xüsusilə də hüquqi və gömrük məsələlərini həll etmək niyyətindədir:
"Xətt Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsindən sonra işə salınacaq. Bu, "Şimal-Cənub" nəqliyyat marşrutunun tərkib hissəsi olacaq. Bu xəttin işə salınması hər iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək".
O, həmçinin əlavə edib ki, bu gün Azərbaycan və İran Naxçıvan-Məşhəd dəmiryol marşrutu üzrə sərnişin axınının artırılması üzərində işləyir.