PRESS NEWS AZERBAIJAN

Azərbaycanın taekvondo çempionu məhkəmədə evini qarət edənləri bağışladı

10.10.2018

 

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı, IV İslam Həmrəyliyi Oyunlarının taekvondo üzrə gümüş medalçısı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Pressnews taekvondoçunun yaxınlarına istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Fərəcova ötən məhkəmə iclasına gəlməməsini səhhəti ilə əlaqələndirib. Bildirib ki, o, müalicə aldığına görə ötən məhkəmə iclasına gələ bilməyib. 

 

Məhz bu gün xəstəxanadan çıxıb məhkəməyə gəldiyini deyən Fərəcova hələ də dərmanların təsiri altında olduğunu bildirib. Hakim isə ona xəbərdarlıq edib ki, bir də məhkəməyə məlumat vermədən prosesdə iştirak etməsə, barəsində həbs qətimkan tədbiri seçilə bilər.

 

Zərərçəkmiş F.Əzizova isə məhkəmə prosesinin gedişatından razı qaldığını və evini qarət edənləri bağışladığını bildirib.

 

“Mənə 14 min manat borcları var idi. Nərgiz Fərəcovanın anası dünən borcun 8 min manatını qaytardı. Qalan 6 mindən 3 minini onlara bağışladım. Yerdə qalan 3 min manatı qaytarmaq üçün isə borc müqaviləsi bağladıq. Onu da 30 noyabra kimi qaytaracağına söz verdi”.

 

Taekvondo çempionu həmçinin qeyd edib ki, əli zədələnib və əməliyyat olunması üçün bu pula ehtiyacı var:

 

“İki həftədir barmağım qırılıb. O vəziyyətdə məşq edirəm. Yarışa yollanırıq. Orada zədəm güclənsə, əməliyyat olunmalı olacam. Ona görə də mənə bu pul lazım idi. Mən məhkəmədə ərizə yazdım və qane olduğumu bildirdim”.

 

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib. Dövlət ittihamçısı N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən, içərisində 67 min manata yaxın pul olan seyfi oğurlanmışdı. Bu hadisədən sonra Fəridə Əzizova dinini dəyişərək xristianlığı qəbul edib. O, əvvəllər islam etiqadını təmsil edirdi.