Umud Rəhimoğlu:"Bir milyondan artıq insanın çəkdiyi zülmə, zillətə diqqət ayırmırlar. Ona görə də, biz öz prinsipial siyasətimizi davam etdirməliyik"
"Qloballaşan dünyada bütün ölkələrin həyata keçirdiyi proseslər və siyasət maraqlar üzərində qurulub. Bu gün Azərbaycanın güclü iqtisadiyyat və orduya malik olması, ölkəmizdə demokratik prinsiplərin işləməsi, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması inkişafımızı istəməyən qüvvələri narahat edir. Bundan başqa mətbuatımızda söz, fikir və ifadə azadlıqlarının qorunması, respublikamızın hür olması, məmləkətimizin sabitlik adasına çevrilməsi, bir sözlə bütün sahələrdəki tərəqqimiz həmin dairələrə sərf etmir".
Pressnews-un məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu "Sherg"ə müsahibəsində müəyyən xarici qüvvələrin ölkəmizə qarşı obyektiv olmayan münasibətinin əsasında nəyin dayandığına aydınlıq gətirərkən bildirib.
Fondun prezidenti qeyd edib ki, Azərbaycan nə qədər zəif olarsa, nə qədər kənar dəstəklərə möhtac qalarsa, sözügedən qrupların ölkəmizdə öz maraqlarını təmin etmələri bir o qədər asanlaşar:
"Yəni bizim zəif, gücsüz, iradəsiz olmağımız ölkəmizlə bağlı niyyətlərini gerçəkləşdirmələri baxımından onların işinə yarayar. Amma şübhəsiz ki, Azərbaycan güclü iqtisadi potensiala, qüdrətli orduya malikdir. Ölkəmizin zəngin enerji resursları və münbit təbiətə malik olması, önəmli geosiyasi coğrafiyada yerləşməsi böyük önəm kəsb edir. Məhz buna görə də, ölkəmizə qarşı qərəzli mövqe tuturlar".
Rəhimoğlu deyib ki, bəzi ölkələrin Azərbaycana təzyiqlər göstərməsinə, dövlətimizə qarşı bəyanatlar səsləndirməsinə təəccüblənməməliyik.
"Baxın, ötənlərdə Almaniyadan olan qonaqlarımla maraqlı bir debat apardıq. Dünya mediasını müzakirə etdik. Onlar Almaniya mətbuatında demokatik prinsiplərə əməl olunduğunu, ifadə azadlığı və plüralizmin qorunduğunu söylədilər. Belə olan halda mən sual qoydum ki, müstəqil media anlayışı nə dərəcə realdır və Almaniya mətbuatı azaddırmı? Onlar da Almaniya mətbuatının müstəqil olduğunu, ölkədə və dünyada baş verən hadisələrin tirajlanmasında hər hansı bir çətinliklə üzləşmədiyini diqqətə çatdırdılar. Onlara bu fikirləri ilə razılaşmadığımı bildirdim. Qeyd etdim ki, Azərbaycan işğala məruz qalıb, 20 faiz torpağımız hələ də Ermənistanın işğalı altındadır. Bu ərazilərin Azərbaycana məxsus olmasına dair BMT-nin 4 qətnaməsi var. BMT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu həqiqəti Almaniya mətbuatında təbliğ etmək istəyirik. Azərbaycanın işğala məruz qaldığını Almaniya mediası vasitəsilə dünyaya bəyan etmək istəyirik. Onlar bu məsələyə razılıq verməyə çətinlik çəkdilər. Söylədilər ki, hər media quruluşunun, hər redaksiyanın öz informasiya siyasəti var" - deyən U.Rəhimoğlu vurğulayıb ki, hər bir ölkənin və ya hər bir mətbuat orqanının öz maraqları var.
BAMF prezidenti hesab edir ki, məhz bu səbəbdən biz informasiya savaşına hazır olmalıyıq. Ölkəmizə qarşı irəli sürülən ittihamlara tutarlı cavablar vermək gücündə olmalı, fəaliyyətimizi bu istiqamətdə qurmalı, Azərbaycanla bağlı dünyaya dolğun məlumatlar çatdırmalıyıq.
Fond rəhbəri onu da əlavə edib ki, Azərbaycana gələn əcnəbi qonaqların hamısı ölkəmizlə bağlı çox yüksək fikirlər səsləndirirlər:
"Ölkəmizdəki bu dinamik inkişafı görüb, yaxşı mənada çaş-baş qalırlar. Demək olar ki, hər gün belə insanlarla rast gəlirəm. Təşkilatımız beynəlxalq qurum olduğu üçün az qala hər gün əcnəbi qonaqlarımız olur. Onlar ölkəmizdən çox yüksək təssüratlarla ayrılırlar. Mənə elə gəlir ki, biz özümüz də çox işləməliyik. Demokratiyadan danışanların gözləri kor, qulaqları kardır. Bir milyondan artıq insanın çəkdiyi, zülmə, zillətə diqqət ayırmırlar. Ona görə də, biz öz prinsipial siyasətimizi davam etdirməliyik. Azərbaycana qarşı atılan çamurun qarşısını almaq üçün tədbirlərimizi gücləndirməliyik. Əlbəttə, bu işdə medianın üzərinə böyük yük, vəzifə düşür. Mənə elə gəlir ki, mətbuatımız çox çalışmalıdır".