Ekspertlər mənzillərin qiymətindəki mümkün dəyişikliyi şərh edirlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə görə, bundan sonra Azərbaycanda daşınmaz əmlaka dair çıxarışlar elektron qaydada veriləcək. Yəni, artıq mülk sahibi ilə çıxarışı verən şəxs arasında birbaşa təmas olmayacaq. Bu, çıxarışların verilməsi zamanı insan faktorunun aradan qalxmasına, bu səbəbdən də süründürməçilik, eləcə də rüşvət faktlarının aradan qalxmasına gətirib çıxaracaq.
Bəs, görəsən, evlərə çıxarış veriləndən sonra evlərin qiymətlərində dəyişiklik müşahidə olunacaqmı? Suallara əmlak ekspertləri ilə aydınlıq gətirməyə çalışılıb.
Əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, hazırda çıxarışı olan mənzillərlə çıxarışı olmayan mənzillərin qiymətləri arasında fərq var: "Hər kvadratda 100-200 manat fərq müşahidə olunur. 2019-cu ilin 4-cü ayındayıq. Hələ də bir çox binalarda mənzillərin çıxarışları yoxdur. Sənədləşmə yəqin ki, ilin sonuna kimi olacaq. Bu da o deməkdir ki, bu il evlərin qiymətlərində elə də güclü fərq olmayacaq".
Ekspertin fikrincə, evlərin qiymətinə əmək haqlarının artırılması, həmçinin digər artımların olması dolayı yolla təsir edəcək: "Neftin qiymətinin stabilliyi və digər faktorlar da evlərin qiymətinə bu gün təsir edir. Evlərin qiymətində 6-8 faiz qiymət artımı müşahidə oluna bilir. Çıxarışların qiymətlərə təsiri isə gələn il ola bilər".
"2005-2016-cı illərdə elə aylar olurdu ki, evlərin qiymətlərində 20 faiz artım müşahidə olunurdu. Bu gün bazar stabildir, əvvəlki aktivlik yoxdur. Son illər mənzil bazarında illik 45-50 min ev, mənzil satılır. Aylara böləndə, təxminən, 4-5 min mənzil düşür. Bu da Azərbaycan üçün normal göstəricidir. Burada İpoteka Fondunun, kredit təşkilatlarının da payı var" – deyə ekspert əlavə edib.
O, həmçinin bildirib ki, çıxarışların onlayn şəkildə verilməsi müsbət haldır, insanların rahatlığı üçün əla vasitədir.
Əmlak eksperti Ramil Osmanlı da düşünür ki, çıxarışı olmayan mənzillərə sənədlərin verilməsi əmlak bazarına ciddi təsir göstərməyəcək: "Bazara tələbat artmazsa, qiymət artımı olmayacaq. Hələ ki qiymət artımı üçün əsaslı səbəb yoxdur, amma sonrakı mərhələdə qiymətlər stabilləşəcək".
O qeyd edib ki, onlayn qeydiyyat sisteminin təkmilləşdirilməsi Əmlak Məsələləri Dövlət Komissiyası tərəfindən atılmış bir addımdır: "Buna qədər bir çox müsbət addımlar atılıb. Sənədləşmənin də onlayn olmasının bir sıra müsbət tərəfləri var. İlk növbədə vətəndaş-məmur münasibətləri artıq aradan qaldırılır, prosesin dava çevik və dinamik həyata keçirilməsi baş verir. Bundan başqa alqı-satqı və girov əməliyyatları proseslərinin notariat kontorlarında həyata keçirilməsi də müsbət addımdır. Artıq aldanmalar olmayacaq".
"Çıxarışların onlayn verilməsi vətəndaşların xeyrinədir. İstənilən əməliyyatı daha asan və vaxt itirmədən etməyə şərait yaradır. Vətəndaş şəxsi kabinetindən istədiyi vaxt çıxarışın nüsxəsini də çıxara bilər" – deyə Ramil Osmanlı əlavə edib.