PRESS NEWS AZERBAIJAN

Napoleon, yoxsa, sadə azərbaycanlı: Uşaqlarımız niyə intihar edir?!

20.06.2019

 

Rəvayətə görə, bir dəfə Napoleonu gecə yarısı təlaşla yuxudan oyadırlar. Məşhur sərkərdə nə baş verdiyini soruşduqda bildirirlər ki, düşmən hücum çəkib. Napoleon isə "mən də elə bildim, imtahana çağırırlar" deyə təmkinlə cavab verir.
 

Bu məsəli çəkməyimiz təsadüfi deyil. Sözümüzün canı ondadır ki, imtahan adı gələndə Napoleon Bonapart kimi sərkərdə zağ-zağ əsirmişsə, sadə insanların imtahanqabağı həyəcanı da normaldır. Amma söhbət, təbii ki, imtahanqabağı həyəcandan gedir. Son günlər isə biz daha çox imtahandan sonrakı həyəcanın şahidi oluruq. Hansı ki, bu həyəcan, narahatlıq artıq bəzi abituriyentlər üçün "ölüm kabusu"na çevrilib. Ali məktəblərə qəbul imtahanlarında az bal toplayan abituriyentlərin intihar etməsi cəmiyyəti narahat edən problemlərdən biri olub. Məsələn, ötən ayın 22-də Nəsimi rayonu, Moskva prospektində 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı binanın 10-cu mərtəbəsindən ataraq intihar etdi. 17 yaşlı yeniyetmənin intiharına səbəb də imtahanda az bal toplaması olmuşdu. Əvvəlki illərdə də hadisələr çox yaşanıb. Bu ayın sonundan isə ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinə start veriləcək. Birinci mərhələdə ali məktəbə qəbul üçün yetərli bal toplamayanlar imtahanların ikinci mərhələsini həyəcanla gözləyirlər. Amma onların ikinci imtahan cəhdinin uğurlu olacağına da heç kəs zəmanət vermir. Bu isə ali məktəblərə qəbul imtahanlarının son mərhələsindən sonra abituriyentlərin emosiyalarını necə cilovlayacaqları ilə bağlı narahatlığa səbəb olur. Elə psixoloqlar da bununla bağlı həyəcan təbili çalırlar. Psixoloq Ramin Hacıyev deyib ki, valideynlər qəbul imtahanlarının ikinci mərhələsində ali məktəblərə sənəd verən övladlarına qarşı daha çox həssaslıq nümayiş etdirməlidirlər: "Bəllidir ki, abituriyentlərin bir qismi ali məktəblərə qəbul imtahanlarının hər iki mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Birinci mərhələdə ali məktəbə qəbul üçün minimal balı toplamayanlar ikinci mərhələyə böyük ümid bəsləyirlər. Bu isə ikinci mərhələdən sonra abituriyentlər arasında intihara meylliyi artıra bilər. Məktəb məzunları artıq şəxsiyyət kimi formalaşmağa doğru gedirlər. Abituriyentlər keçid balını toplaya bilmədikdə bəzən valideynlərin sərt təpkisi ilə qarşılaşırlar. Bununla mübarizə apara bilmədikdə intihar edə bilər, özünə qapana bilərlər. Belə halların yaşanmaması üçün valideynlər məsuliyyətli və həssas olmalıdırlar. 

Onlar bu dönəmdə övladlarına dəstək olmalı, cəmiyyətin bu məsələyə münasibətini fikirləşməməlidirlər".

 

Həmsöhbətimiz deyir ki, bəzən valideynlərin övladlarına qarşı bu sərt münasibətinin arxasında qohum-əqrəbaya qarşı hesabatlılıq da dayanır: "Övladı məzun olan valideynlərdən ən çox soruşulan sual ali məktəbə qəbulla bağlı olur. Xüsusilə imtahan ərəfəsi qonşular, qohum-əqrəba bu məsələ ilə bağlı daha çox maraqlanır. Bununla həmin valideyni psixoloji olaraq gərginlikdə saxladıqlarının fərqinə varmırlar. Halbuki, cəmiyyətin ali təhsilə bu cür yanaşması düzgün deyil.

 

Çox təəssüf ki, günümüzdə ali məktəbə qəbulu çox önəmli bir hadisə kimi təqdim edənlər çoxdur. Orta peşə təhsili haqqında, cəmiyyətə layiqli vətəndaş yetirmək kimi məsələlər haqqında düşünənlər azdır. Halbuki, biz həyata baxışlarımızı cəmiyyətin prizmasında qurmaqla səhv addım atmış oluruq. Bu cür stereotiplərə qarşı mübarizə aparmalıyıq. Valideynlər bu dönəmdə psixoloji baxımdan savadlı davranmalıdırlar. Onlar övladları həyatda uğur qazandıqda da, qazanmadıqda da yanlarında olmağı bacarmalıdırlar".

 

Ali məktəblərə qəbul dönəmində  son illərdə "xalqın uşağı", "camaatın uşağı" kimi deyimlərin gündəmə gəldiyinin şahidi oluruq. Valideynlərin bəziləri başqa abituriyentlərin uğurlarını öz övladlarına xatırladaraq, onları nümunə göstərərək yaxşı nəticə göstərə bilməyən, hələ şəxsiyyəti bərkiməmiş uşaqlarının özünəinamını sındırırlar.  Ekspertlər belə davanışın kökündən yanlış olduğunu israr edirlər.

 

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, ali məktəblərə qəbul imtahanlarında uğursuz nəticəni həyatın sonu kimi qəbul etmək düzgün deyil. İmtahanlarda keçid balını toplaya bilməyənlərə onlar üçün həyatın hələ qarşıda olduğunu, ali məktəbə qəbul üçün başqa şanslarının hələ də qaldığını söyləməklə ürək-dirək vermək lazımdır: "Abituriyentlərin ali məktəblərə qəbul olmaq üçün imkanları genişdir. Onlar buraxılış imtahanlarının nəticəsi ilə orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul ola bilərlər.

 

Artıq bu ildən etibarən kollec məzunları müsabiqədənkənar, imtahansız ali məktəblərə qəbul olmaq hüququna malikdirlər. Digər tərəfdən, buraxılış imtahanlarının nəticəsi ilə qabiliyyət tələb edən ixtisaslar üzrə ali məktəblərə qəbul olmaq imkanları var. Bunun üçün minimum 60 bal tələb olunur. Hətta təkcə 200 bal olmasa belə, bütün ixtisaslar üzrə 150 balla ali məktəblərə qəbul olmaq imkanları da var.

 

Azərbaycanda ali məktəblərə qəbul olmayanlar yaxın, qonşu ölkələrdə də birbaşa imtahansız ali məktəblərə qəbul ola bilərlər. Üstəlik, orada təhsil haqqı və təhsil xərcləri bizdən dəfələrlə aşağıdır. Bundan əlavə, peşə təhsilinə birbaşa qəbul olmaq imkanları da var ki, o zaman da təqaüd ala biləcəklər. Həmçinin qısa müddətdən sonra işlə təmin olunacaqlar.

 

DİM-in imtahan nəticələri ilə yox, eyni zamanda İELTS, SAT imtahanlarının nəticəsi ilə də Azərbaycanda ali məktəblərə qəbul olmaları mümkündür. Yəni ölkədə ali təhsilin əlçatımlılığı təmin olunub. Hər kəs ali təhsil almaq hüququndan rahatlıqla istifadə edə və bu arzusunu reallaşdıra bilər. Bütün bu imkanları sadalayaraq az bal toplayan abituriyentləri özünə qapanmaqdan, intihar fikrindən daşındırmaq lazımdır".

 

Qeyd edək ki, bu il ali məktəblərin bakalavr səviyyəsində və orta təhsil pilləsində tam orta təhsil bazasından yay imtahanlarında iştirak üçün 52695 abituriyent qeydiyyatdan keçib.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
 

Please reload

ƏN ÇOX OXUNANLAR