PRESS NEWS AZERBAIJAN

“Cəhalətlə siyasət arasında”

06.08.2019

Dini radikalizmlə mübarizə İslam dünyasının qarşısında duran əsas vəzifələrindən biridir 

Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Azərbaycanda yaşayan insanların dini azadlığının qorunması dünya birliyi və beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Nəticə etibarilə etiraf edirlər ki, Azərbaycanda tolerantlıq mühitinin getdikcə daha da möhkəmləndirilməsi və inkişafı müşahidə olunur.Məhz bu səbəbdən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı dini durumun kifayət qədər sabit olduğu göstərilir. Ancaq bununla bərabər etiraf edilməlidir ki, ölkədəki dini durumla bağlı bir sıra narahatedici məqamlar da mövcuddur. Bu narahatedici məqamlar radikal dini qruplaşmaların pozuculuq və mənfi fəaliyyəti ilə bağlıdır ki, son illərdə müxtəlif dini cərəyanların belə fəaliyyətinin dəfələrlə şahidi olmuşuq.Hazırda ölkədə mövcud olan radikal dini qurumların sayı elə də az deyil və etiraf edilməlidir ki, həmin dini cərəyanlar millətin mənəviyyatını, dini dəyərlərini korlamaqla məşğuldurlar.

Radikal dini cərəyanlar təbliğatlarını o dərəcədə ehtiyatlı qururlar ki, onların cəmləşdikləri mənzillərə azyaşlı uşaqlar və gənc qadınların yığışmasından ətrafda yaşayanların xəbəri belə olmur. Bu kimi dini cərəyanların üzvləri gəncləri müxtəlif şirnikləşdirici vasitələrlə özlərinə cəlb edir. Dəhşətli məqam ondan ibarətdir ki, belə radikal dini cərəyanlar öz ətraflarına cəmiyyət arasında nüfuz sahibi olan insanları da cəlb edə bilirlər.Bunların sırasında həm islam, həm də qeyri-islam təriqətləri yer alıb. Bu cərəyanların fəaliyyəti o həddə çatıb ki, ölkədə bəzi dini icmaların fəaliyyəti ailələrinin dağıdılmasına xidmət edir. Maraqlı məqam ondan ibarətdir ki, bu işdə gənclər xüsusi fəallıq nümayiş etdirirlər. Belə ki, bəzi dini təriqətlərin daşıyıcıları olan gənclər həyat yoldaşlarını müxtəlif dini ayinləri icra etməyə məcbur edirlər. Nəticədə həmin ailələrin dağılması prosesi baş verir. Nəzərə almaq lazımdır ki, milli-mənəvi dəyərlərin qorunması həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycandakı dini durum, din-dövlət münasibətləri istiqamətində aparılan siyasətin çevikliyi çox önəmlidir.

Zahirən din xadimləri çoxdur, amma müasir dövrün tələblərini nəzərə alaraq insanların dini ehtiyaclarını ödəyəcək din xadimləri azdır. Məhz bu tip dini xadimlərin azlığı xaricdən ölkəyə dini təsirləri artıran amillərdən biridir.

Dinə yönələn insanlar dini maraqalarının yerli din xadimləri tərəfindən təmin olunmadığını gördükdə bu tələbatın təmin olunmasını xaricdə axtarmalı olurlar. Məlumatsızlıq, dini maarifin aşağı olduğu yerlərdə radikallığa meyl artır. Belə halların qarşısının alınması üçün hamılıqla mübarizə aparılmalıdır. Bunun üçün hər şeydən əvvəl cəmiyyətdə dini maarifləndirmə işi gücləndirilməlidir. Qeyd etməliyik ki, bugünki qloballaşan dünyamızda bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biri də, bəşəri birgəyaşayışı, dini tolerantlığı və multikulturalizmi qorumaq və inkişaf etdirməkdir.
Lakin yaddan çıxarmaq olmaz ki, bu yolda qarşımıza çıxan dini və irqi radikalizmlə mübarizə, fəaliyyətimiz üçün ən çətin məqamlardan biridir. Buna görə də hesab edirik ki, radikal qruplara qarşı mübarizə ayrıca götürülmüş bir dövlətin deyil, bütün İslam dünyasının qarşısında duran əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəliyi İli" elan etməsi də, məhz radikal dini qrupların əməllərinə qarşı İslam dünyasında ideoloji baxımdan birləşməni özündə ehtiva edir. Bütün İslam ölkələrində tanınmış din xadimləri, islamşünas alimlər bir araya gəlməli və İslamı gözdən salmağa çalışan qrupları ideoloji cəhətdən ifşa etməlidirlər. Yəni biz əsl islami dəyərləri gözdən salmağa cəhd edənlərə qarşı dayanmalı, onların qarşısını almalıyıq.

 

Fidan Əliyeva, Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin 10 A sinif şagirdi

 

P.s. Bu yazı“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəblilər arasında keçirdiyi inşa və rəsm müsabiqəsinin qalibi olub

Please reload

ƏN ÇOX OXUNANLAR