Son günlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan ciddi kadr islahatları ölkəmizdə bir çox yeniliklərin baş verəcəyindən xəbər verir. Hər kəs çox böyük maraqla Azərbycan Respublikasının Baş Prokurorluğunda aprel ayına planlaşdırılan islahatları gözləyir. Bəs bu islahatlar prokurorluq orqanlarında kimlərin vəzifədən getməsinə və kimlərin yeni təyinatına imkan yaradacaq?
Aprelin 25-də Baş prokuror Zakir Qaralovun bu vəzifəyə təyinatının 20 ili tamam olur. Maraqlıdır, görəsən cənab Prezident 64 yaşlı Zakir Qaralovu bu postunda yenə də görmək istəyəcəkmi? Bəs bu vəzifəyə ən layiqli namizəd kimi görmək olar? Sadalanan adların içərisində ən çox Bakı şəhər Prokurorluğunun şöbə prokuroru Məmməd Əliyevin adı çəkilir. Bəs kimdir Məmməd Əliyev?
Avtobioqrafiya: Məmməd Ağalar oğlu Əliyev -1964-cü ildə anadan olmuşdur. 8 yaşında ikən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdür. Həmin vaxt Ulu Öndər onun adını soruşanda o “Mamed” deyə cavab vermiş, dahi Lider isə “Sənin adın Məhəmməddir” deyə onun başına qayğıkeş sığal çəkmişdir. İki ali thsili vardır. Azərbaycan Respublikasında mühəndis, Rusiya Federasiyasında hüquqşünas təhsili alımışdır. SSRİ dövründə Moldaviyada, Krasnoyarskidə, Abakanda daxili qoşun hissələrində xidmətdə olmuş, 250 silahlı döyüş tapşırığı yerinə yetirərək komandanlıq tərəfindən iki dəfə Fəxri fərmana layiq görülmüşdür. O dövrdə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasına namizədliyə, 1985-1986-cı illərdə İnşaaat Mühəndisləri İnstitutunda partiya sıralarına üzvlüyə qəbul edilmişdir. 1988-1993-cü illərdə Azərbaycan xalq hərəkatına qoşulmuş, 1992-1993-cü illərdə yenicə formalaşan Yeni Azərbaycan Partiyasının öncüllərindən olmuş və Xətai rayonu üzrə YAP-ın ilk təftiş komissiyasının sədri seçilmişdir. Ziya Bünyadov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rafiq Qasımov, Ramiz Mirzəyev, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov kimi ziyalılarla birgə çiyin-çiyinə YAP-nın formalaşmasında əvəzolunmaz xidmətlər göstərmişdir.
1993-cü il fevral ayının 24-də, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə, təlatümlü vaxtlarda böyük övladına Heydər adını vermiş, Heydər Əliyevin 70 illiyi ilə bağlı “Səs” qəzetində “Hər iki Heydər yüz yaşasın” sərlövhəli məqalə ilə çıxış etmişdir. O dövrdə üzdəniraq hakimiyyət nümayəndələrinin qoçuları Məmməd Əliyevi dəfələrlə ölümlə hədələsələr də, o, bu yoldan dönmədiyini kəskin şəkildə bildirəndən sonra onu izləmiş, ölümlə təhdid etmişlər. 1993-cü il iyun ayının 9-da onu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısından əlisilahlılar təhqiramiz formada “BMW” markalı maşına əyləşdirmiş, daha ciddi cəzalandırmaq üçün Bakı Zooloji Parkının yaxınlığında olan “Çinar” restoranı istiqamətinə aparmış, Heydər Əliyevə dönük çıxmasını, çap etdirdiyi məqaləyə təkzib verməsini, övladına verdiyi Heydər adından imtina etməsini tələb etmişlər. Məmməd Əliyev bu tələblərə məhəl qoymadıqda, 12 may 1993-cü il tarixli, “Səs” qəzetinin 107-ci nömrəsində, Ulu Öndər Heydər Əliyevin 70 illik yubileyi ilə bağlı çap olunmuş “Hər iki Heydər yüz yaşasın” məqaləsi olan qəzeti məcburən Məmməd Əliyevə yedirtməyə cəhd etmiş, bununla da ürəkləri soyumamış, “Çinar” restoranının yaxınlığında olan heyvanxanadakı vəhşi canavarla təkbətək bir qəfəsə salaraq həyatına son qoymağa cəhd etmişlər.
1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə qəbul olmuş, 7 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləmiş, 2000-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin İƏ.-34 saylı imzaladığı “Zəmanət məktubu” ilə 36 yaşında, müstəsna halda Azərbaycan Prokurorluğuna şöbə prokuroru vəzifəsinə qəbul edilmişdir. Rəhbərlik tərəfindən üç dəfə növbədənkənar xüsusi rütbə ilə təltif edilmiş, iki dəfə “Təşəkkürnamə” almışdır.
2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Dövrü mətbuatda onlarla elmi məqalələri, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevlə bağlı “Respublika”, “Azərbaycan”, “Korrupsiya və Qanun”, İki sahil”, “Səs”, “Qanun naminə”, “Xəzərdən dünyaya”, XXI əsr”, “Sportman Baku”, “Əbədi yol”, “Həyat”, “Zəfər qalası”, “Kafkas news” və bir çox saysız-hesabsız qəzet və jurnallarda məqalələri çap olunmuşdur. Bir çox elmi məqalələri Baş Prokurorluğun “Hüquqi dövlət və qanun” jurnalında, Elmi-kütləvi jurnallarda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi” jurnalında çap olunmuşdurş İşlədiyi 20 il ərzində Prezidentimiz cənab İlham Əliyevin tələbinə uyğun olaraq korrupsiya və rüşvətdən uzaq olmaqla bərabər, bu neqativ hallara qarşı amansız mübarizə aparmaqdadır.
Dəfələrlə televizya ekranlarında, sosial mediada çıxışlarına görə ictimaiyyət tərəfindən qətiyyətli mövqeyi olan ziyalı, prinsipial prokuror kimi tanınmışdır.
Hazırda Bakı şəhər Prokurorluğunda şöbə prokuroru, ədliyyə müşaviridir. 2019-cu ildə Bakı Karate-do Akademiyasının Fəxri Prezidenti seçilmişdir. Dövlətimizin rəsmi qurumları tərəfindən generallar − Səməd bəy Mehmandarov və Həzi Aslanov adına təsis edilmiş qızıl medallarla mükafatlandırılmışdır.
Məmməd Əliyev üç oğul atasıdır. Övladlarının üçünü də vətənpərvər ruhda böyütmüşdür. Onlar Rusiya Federasiyasının tanınmış universitetlərində Beynəlxalq hüquq sahəsində aspirantura pilləsində həm təhsil alır, həm də işləyirlər. Oğlu Cavanşir Əliyev Prezidentimiz İlham Əliyevin təhsil aldığı və dərs tədris etdiyi MQİMO-da 26 yaşlı hüquq elmləri doktoru, gənc alimdir. Hazırda “Beynəlxalq hüquq və Avropa hüququ” kafedrasında magistr səviyyəsi üzrə təhsil alan tələblərə dərs tədris edir. Oğlu Heydər Əliyev Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının əyani şöbəsinin aspirantıdır. Digər oğlu Ağalar Əliyev Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq üzrə magistratura pilləsində təhsil alır. Həyat yoldaşı Fəridə xanım Mövsümzadə tanınmış kimyaçı alim Əhməd Mövsümzadənin qızıdır, hazırda səhiyyə işçisidir.
20 ilə yaxın Azərbaycan Prokurorluğunun Müraciətlər İdarəsində işlədiyi müddətdə vətəndaşlarla daima yaxın ünsiyyətdə olduğu və eləcə də həm respublikamızdan, həm də xarici ölkələrdən ona olunan müraciətlərə şəffaf şəkildə yanaşıb yerinə yetirdiyi üçün 3,5 milyon Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Məmməd Əliyevin dövlətimizə sadiqliyini və bir çox sağlam keyfiyyətlərini əsaslandıraraq belə bir ziyalı, tarixi şəxsiyyətin Azərbaycan Respublikasının Baş Prokuroru təyin olunmasından ötrü xahiş müraciəti ünvanlamışlar.
Hazırda Rusiya Federasiyasında yaşayan azərbaycanlı ziyalıların bu xahişin davamı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməkləri gözlənilir. Biz də inanırıq ki, cənab Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə ən layiqli namizəd Məmməd Əliyevi təyin edəcəkdir.