Ermənistan XİN rəhbəri erməni vətəndaş cəmiyyəti nümayəndələrinin COP29-a qatılacaqlarını istisna etməyib.
Ermənistan rəsmiləri Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün ərizə təqdim etməyiblər.
Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirak etmək üçün qeydiyyatdan keçməsi, lakin gəlməməsi barədə bəyanatını belə şərh edib.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bakıda keçirilən COP29 iqlim sammitində iştirak etməməsini “qaçırılmış fürsət” adlandırıb.
"Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün heç bir məmur ərizə təqdim etməyib. İstisna etmirəm ki, bunu vətəndaş cəmiyyəti nümayəndələri edə bilərdi, amma bu barədə heç nə bilmirəm.Əgər biz hələ də bundan danışırıqsa, deməli, Ermənistan demokratik ölkədir və hökumətin vətəndaş cəmiyyəti təşkilatlarına nəzarət etmək üçün nə istəyi, nə də rıçaqları var" - Mirzoyan deyib.
Sputnik Ermənistan-ın qeydinə görə, bundan əvvəl Ermənistan mətbuatı İrəvanın Bakı həbsxanalarındakı erməni məhbusların azad edilməsi şərtilə sammitdə iştirak edəcəyini yazıb. Rəsmilər bunu təsdiqləməsələr də, Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, əgər məhbuslar qaytarılacaqsa və ya başqa müsbət qərarlar olacaqsa, Ermənistanın COP29-da iştirakı mütləqdir. Simonyan həmçinin bildirib ki, oktyabrda Kazanda keçirilən BRİKS+ sammitində Paşinyan və Əliyev məhbuslar məsələsini müzakirə ediblər.
Prezident İlham ƏliyevBelçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməməsinə təəssüfünü bildirib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.
"Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər" - H.Hacıyev qeyd edib.