Turizm üzrə ekspert bildirib ki, tələbin qısa müddətli dövrdə artması hotellərdə, eləcə də kənd evlərində qiymətlərə təsir edir.
COP29 ərəfəsi bölgələrdə günlük kirayə evlərə və hotellərə təlabat artıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov məlumat verib. O, bildirib ki, tədbir Bakı şəhərində keçirilsə də, həm paytaxtda, həm də regionlarda hotellərdə doluluğun artmasına səbəb ola bilər.
"Bu Azərbaycan tarixində keçirilən ən böyük tədbirdir. İlkin mərhələrə ölkəmizə 40 mindən çox əcnəbinin gəlişi gözlənilir. Üstəlik COP29 dövründə məktəblərdə tətil olacaq. Həmçinin bəzi iş yerlərində məsafədən iş rejimi tətbiq ediləcək. Ona görə də, tədbir Bakıda olsa da, regionlarda da hotellərə təlabat artacaq", - deyə Ceyhun Aşurov bildirib.
Ekspert deyib ki, hotellərdə, kənd evlərində, günlük kirayələrdə qiymətlərin artması müşahidə olunur.
"Qiymət artımı tələb-təklif əsasında baş verir. Tələbin qısa müddətli dövrdə artması hotellərdə, eləcə də kənd evlərində qiymətlərə təsir edir. Həmin dövr üçün hotellərdə doluluq müşahidə ediləcək", - deyə müsahibimiz bildirib.
C.Aşurov deyib ki, turizmin inkişaf etdiyi bölgələrə təkcə daxili turistlər axışmayacaq. O, COP29 üçün Bakıya gələcək əcnəbi qonaqlara bölgələrimizlə tanışlıq imkanının yaradılacağını söyləyib. Bildirib ki, noyabr ayı ərzində COP29 üçün Bakıya gələn qonaqların bölgələrimizdəki turizm məkanlarına aparılması məqsədəuyğundur.
Ekspert deyir ki, bu onların gələcəkdə turist kimi ölkəmizə qayıtmasını şərtləndirəcək:
"Ona görə də COP29 üçün gələn qonaqların Azərbaycandan məmnun qayıtmasının bizə xeyri var. Onlar tədbirlə bağlı Azərbaycana gəlsələr də, öz ölkələrinə qayıtdıqda səfər təəssüratlarını bölüşəcəklər. Bu da Azərbaycanın onlarla ölkədə turizm destenasiyası kimi tanınmasına müsbət təsir edə bilər".
Qeyd edək ki, noyabr ayının 8-dən etibarən bölgələrdə hotellərin, eləcə də kənd evlərinin qiymətlərində artım müşahidə olunur. Turizmin inkişaf etdiyi bölgələrdə kənd evlərinin günlük kirayə qiymətləri 50 manatdan 80-100 manata qalxıb. Qubanın Üçgün kəndində adi günlərdə 40-50 manata təklif edilən kənd evləri noyabrın ikinci ongünlüyündə 80-100 manat arasında dəyişəcək.
Qəbələ, Qax, Şəki bölgələrində də həm hotellərin, həm də günlük evlərin qiymətində bahalaşma müşahidə olunur. Qiymətlərdə 60-80 manat civarında bahalaşma var.
İşğaldan azad olunmuş ərazilərə də COP29 müddətində turist axını gözlənilir. Laçın şəhər sakinləri Sputnik Azərbaycan-a bildiriblər ki, yay ayları ilə müqayisədə günlük kirayə evlərin qiyməti aşağı düşsə də, evlərin əksəriyyəti indidən bron edilib. Laçında günlük kirayə qiymətləri isə 50-80 manatdan başlayır.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildiirlib ki, Azərbaycan turizm sənayesinin, o cümlədən hotellərin COP29 tədbirində hazırlıqları davam edir:
"May ayından etibarən xüsusi vahid onlayn rezervasiya platforması üzərindən hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış komplekslərinin bronlaşdırılması həyata keçirilir. Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış müəssisələrinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür".
Qurumdan o da bildirilib ki, COP29 tədbiri üzrə ölkəmizə gələn ziyarətçilər üçün yarımgünlük, tamgünlük və gecələmə ilə 25 tur proqram hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bakı ərazisində İçərişəhər, Yanardağ, Atəşgah, Qobustan kimi qoruqlar, milli parklar və digər turistik əhəmiyyətli yerlərlə yanaşı, Bakı-Şimal, Bakı-Şimal-Qərb və Bakı-Cənub istiqamətində olan turizm marşrutları üzrə də əsas destinasiyalar əhatə olunub.