top of page

Rusiya hərb sənayesində daha bir rüsvayçılıq – VİDEO


Rusiya Hərbi Dəniz Donanmasının modernizə edilmiş “Marşal Şapoşnikov” freqatı “Kalibr-NK” qanadlı raketi buraxıb, amma raket uçmaqdan “imtina edib” və bir qədər yüksəkliyə qalxdıqdan sonra havada xaotik şəkildə fırlanaraq dənizə, gəminin yaxınlığına düşüb.

Bu kadrlar sosial şəbəkələrdə sürətlə tirajlanmaqdadır. “Marşal Şapoşnikov” freqatı 1985-ci ildə yığılıb, lakin bu yaxınlarda əsaslı şəkildə modernizə edildikdən sonra Rusiyanın Sakit Okean donanmasının ixtiyarına verilib.



Kadrlardan görünür ki, raket gəminin buraxılış qurğusundan çıxır, təxminən 70-80 metr yüksəkliyə qalxır, amma təyin edilmiş hədəfə doğru uçmaq əvəzinə havada xaotik dövrə vurur və qayıdıb dənizə, gəminin yaxınlığına düşür. Raket suya düşəndən sonra yanmaqda davam edir, dənizin səthində müxtəlif alovlanmalar görünür, gəmi isə raketin düşdüyü yerdən uzaqlaşır.

Görüntülər havadan çəkilib, amma nə vaxt çəkildiyi məlum deyil. Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı şərh verməyib. Xatırladaq ki, ötən il Həştərxanda, Aşuluk poliqonunda keçirilən təlimlər zamanı S-400 “Triumf” zenit-raket kompleksindən raket atışının necə uğursuz olduğu barədə görüntülər də internetdə yayılmışdı. Kadrlardan görünürdü ki, raket buraxılış qurğusundan çıxıb bir qədər yüksəkliyə qalxır, amma hədəfə doğru uçmur və yerə, az qala buraxılış qurğusunun üstünə düşür…


bottom of page