top of page

Sülhməramlılar Laçının Zabux kəndindəki silahlı erməniləri görmür?


Üçtərəfli bəyanata əsasən, Qarabağda nəinki qanunsuz erməni silahlıları qalmamalı, həmçinin orada qanunsuz məskunlaşan və xarici ölkələrdən köçürülən ermənilər də ərazilərdən çıxarılmalıdırlar

Azərbaycanın Laçın rayonunun Zabux (ermənilər Aqavno adlandırırlar) kəndində hələ də Livandan qanunsuz şəkildə köçürülmüş ermənilər yaşamaqdadırlar. Belə ki, üçtərəfli atəşkəs bəyanatındakı müddəaların birində yalnız sovet zamanlarından Qarabağda qeydiyyatda olmuş ermənilərin, eləcə də onların ailə üzvlərinin yaşamaq hüquqlarının olması barədə xüsusi qeyd var. Lakin buna baxmayaraq, işğal vaxtı Zabuxa qanunsuz şəkildə köçürülən Livan erməniləri oradan köçməyəcəklərini iddia etmələri ilə yanaşı, hətta imkanları olsa belə bu ərazini tərk etməyəcəklərini sözün əsl mənasınd, həyasızcasına bildirirlər.

SİA xəbər edir ki, erməni televiziyası adıçəkilən kənddən reportaj hazırlayıb və çıxış edən Livan erməniləri arasında əlisilahlı terrorçu da görüntülənir. O, iddia edir ki, son ana qədər kənddə qalacaq və silahlı mübarizə aparacaq.

Qeyd edək ki, Zabux kəndi Rusiya sülhməramlılarının nəzarəti altındadır və onların bu məsələyə müdaxilə etməmələri istər-istəməz şübhələr doğurur. Çünki üçtərəfli bəyanata əsasən, Qarabağda nəinki qanunsuz erməni silahlıları qalmamalı, həmçinin orada qanunsuz məskunlaşan və xarici ölkələrdən köçürülən ermənilər də ərazilərdən çıxarılmalıdırlar.

Xatırladaq ki, Laçının Zabux kəndi rayonun 1992-ci ildəki işğalından sonra bir müddət boş qalıb. Livanlı biznesmenlər 2013-cü ildə Gorus-Xankəndi avtomobil yolunun üzrərindəki Azərbaycan kəndində qanunsuz olaraq və yalnız Livan ermənilərinin yaşamaları şərti ilə 50 kottecin tikilməsini nəzərdə tutan layihəni həyata keçiriblər. Sözügedən layihəyə 3,5 milyon ABŞ dolları xərclənib və 2016-cı ilə tikilərək istifadəyə verilib.

Rusiya sülhməramlılarının nəzarəti altında olan kənddə 300 livanlı erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir.

Məlumata görə, Qarabağdan Ermənistana yeni yol tikildikdən sonra (təxminən 3 il müddətinə) Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçəcək.

Rövşən RƏSULOV

bottom of page