Prezident İlham Əliyev Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb.
PressNews sərəncamın mətnini təqdim edir:
1. SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.
2. SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
4.1. mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;
4.2. hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.