Azərbaycanın qədim milli musiqi alətləri
Qədim zərb alətləri bölməsi
Böyük nağara (Kos)
Bəzi regionlarda “toy nağarası” da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür.
Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur.
Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.
Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzü isə dəridən hazırlanır.


Hündürlüyü
500-550 mm-dir.
Diametri
400-450 mm




Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünəməxsus rolu və funksiyası var. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı olan “cürə” (kiçik) sözü də bu mənanı verir.
Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir.
Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla döyəclənir.

Hündürlüyü
340-360 mm-dir.

Diametri
300-320 mm
Dəf
Milli musiqi mədəniyyətimizin tarixi inkişaf mərhələsində özünəməxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi.
Xaqani Şirvani dəf barədə belə yazır:
Bir dəf vuran ustanı gör,
Səf-səf duran heyvanı gör,
Dəfdə şikaristanı gör,
Bir-biri ilə cəng arar.
Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olub.
Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır.
Hazırda nadir hallarda istifadə olunur.

Sağanağının
qalınlığı
45-50 mm-dir.

Diametri
250-260 mm




Dümbək
Qədəhvari quruluşa malik qədim zərb alətlərindən biridir. Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır.
Cənub bölgələri üçün daha xarakterikdir. Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və ya misdən hazırlanır.
Özünəməxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
